Xəbər verdiyimiz kimi, Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində mayın 21-də Tacikistan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsi açılıb.
Mərasimdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli də iştirak edib.
Kitabxanada iki ölkənin mədəniyyət, elm xadimlərinin iştirakı ilə keçirilən tədbirdə Teymur Kərimli “Nizami Gəncəvi və Əbdürrəhman Cami” mövzusunda məruzə edib.
İnstitutdan verilən məlumata görə, akademik məruzəsində Şərqin iki böyük dühası, Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin və tacik-fars ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhman Caminin ədəbi irsindən, onların poetik üslubu və yaradıcılıq məziyyətlərindən söz açıb. Bildirib ki, əsərlərində insanpərvərliyi, humanizm və səxavəti tərənnüm edən bu iki ustad hər zaman ədaləti, mərhəməti və düzlüyü üstün tutub, onların sülh və tərəqqiyə çağıran qiymətli mirası isə bəşəriyyət üçün zəngin həyat məktəbinə çevrilib.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Tacikistan Milli Kitabxanasının direktoru Farzalizada Cumaxonun da çıxış etdiyi tədbirdə Azərbaycan ədəbiyyatı guşəsinin iki ölkə arasında mədəni-ədəbi əlaqələrə mühüm töhfə olduğu vurğulanıb.