Mayın 13-dən 24-dək davam edən 78-ci Kann Film Festivalının son günü mükafatçılar elan olunub.
Əsas müsabiqə proqramında festivalın baş mükafatını – “Qızıl palma budağı”nı azərbaycanlı əsilli İran rejissoru Cəfər Pənahinin “Sadə təsadüf” filmi qazanıb.
Kann Film Festivalının ikinci mükafatı sayılan Qran Pri danimarkalı rejissor Yoahim Trierin “Sentimental dəyər” filminə verilib.
"Ən yaxşı rejissor" mükafatı ilə “Gizli agent” filminə görə braziliyalı Kleber Mendonça Filyo təltif olunub.
"Ən yaxşı ssenari" nominasiyasında “Gənc analar” (Fransa-Belçika) filminə görə Jan-Pyer Darden və Lük Darden mükafatlandırılıb.
"Ən yaxşı aktyor" nominasiyasında braziliyalı Vaqner Moura (“Gizli agent” filmində oynadığı baş rola görə) seçilib.
“Ən yaxşı qadın rolu” mükafatı isə fransız rejissor Afsia Yerzinin (Hafsia Herzi) çəkdiyi “Kiçik bacı” filmində oynayan aktrisa Nadia Mellitiyə verilib.
78-ci Kann Film Festivalının əsas müsabiqəsində 22 film iştirak edib. Filmləri fransalı aktrisa Jülyet Binoşun sədrlik etdiyi münsiflər heyəti qiymətləndirib.
Cəfər Pənahinin “Qızıl palma budağ"na layiq görülən "Sadə təsadüf” kinodramı cəlladlarla qurbanlar arasındakı münasibətdən bəhs edir.
Cəfər Pənahi 1960-cı ildə İranın Şərqi Azərbaycan vilayətinin Miyane şəhərində anadan olub. O indiyədək bir sıra nüfuzlu festivallarda uğur qazanıb, o cümlədən Venesiya kinofestivalının "Qızıl şir" (2000, "Dairə" filmi), Berlin kinofestivalının "Gümüş ayı" (2006, "Ofsayd" filmi) mükafatlarını qazanıb.
V.Orxan