Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində şəhərin memarlıq incilərindən biri – Xan qızı Natəvanın sarayının qarşısında “Üzeyir bəy belə deyərdi: "Babalı Sərvərin boynuna” teatr tamaşası nümayiş olunub.
Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanan tamaşanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələri təqdim ediblər.
Səhnə işində müəllifin yumor və satira ilə qələmə aldığı felyetonlarında sosial mövzulara yaradıcı və fərqli yanaşması nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, musiqi dizaynı Azər Hacıəsgərlidir.
Tədbir iştirakçıları belə layihələrin Şuşanın mədəni həyatına rəng qatdığını, milli irsin təbliği baxımından əhəmiyyətini vurğulayıblar. Tamaşa, eyni zamanda, gənc istedadların dəstəklənməsi və səhnə təcrübəsinin artırılması baxımından da uğurlu təşəbbüs kimi dəyərləndirilib.