Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının önündəki Elmlər Akademiyası parkında IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (IV LitBookFest) açılışı olub.

Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycanın və Türk dünyasının bir sıra təşkilatlarının dəstəyi ilə keçirilən festivalın açılış mərasimində öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Beynəlxalq Türk Akademiyasının təmsilçisi Aynur Mayemerova, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza çıxış ediblər.

Çıxışlarda türk dövlətləri arasındakı mədəni-ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətindən danışılıb, ənənəvi hal alan tədbirin xalqlarımızın dostluğunun, qardaşlığının daha bir parlaq nümunəsi olduğu vurğulanıb.

Hazırda Türk dünyasının çox önəmli mərhələdən keçdiyini deyən çıxışçılar qeyd ediblər ki, bu gün ən önəmli faktorlardan biri ortaq dilə, mədəniyyətə, tarixə söykənərək gələcəyə birgə baxış bucağını müəyyənləşdirməkdən ibarətdir. Bildirilib ki, Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq layihələr Türk dünyasının iqtisadi cazibədarlığını möhkəmləndirib. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və həmin müstəvidə iki dövlətin nümayiş etdirdiyi birlik bizim təhlükəsizlik modelimizin gücünü ortaya qoyub. Bu gün biz onun nümunəsini Avropadan gələn səsimizdə görürük.

Çıxış edənlər ədəbiyyatın ideyanı, ideologiyanı ifadə etməkdə, çatdırmaqda, yaşatmaqda, təsir göstərməkdə əvəzsiz imkanlara malik olduğunu vurğulayıb, Türk dünyasının birliyi və həmrəyliyində ədəbiyyat və kitabın ən böyük vasitə olduğunu diqqətə çatdırıblar.

Festivalı həmrəylik bayramı adlandıran çıxışçılar onun ümumi yaddaşımızın, elmi irsimizin, dil birliyinin və mədəni gələcəyimizin əksi kimi dəyərləndiriblər. Millətlərin kimliyini, dilini, yaddaşını daşıyan ən güclü alət olan kitabların sərhədləri aşan, niyyətləri bir araya gətirən ən möhkəm körpü olduğu qeyd edilib.

Açılış mərasimi ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Festival çərçivəsində əl işlərindən ibarət sərgi də nümayiş etdirilir.

Qeyd edək ki, mayın 31-dək festivalın hər günü Türk dünyasının bir ölkəsinin – Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kiprin adı ilə bağlı olacaq. 

Fesrivalın ilk günü Qırğızıstana həsr olunub. 

Türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunacaq.

***

Bu il IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı doqquz gün davam edəcək. Ənənəvi olaraq hər gün bir ölkəyə həsr olunur. Azərbaycana həsr ediləcək gün mayın 28-nə – Müstəqillik Gününə təsadüf edəcək. İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalı keçiriləcək.

Bunu festivalın təşkilatçısı Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza deyib.

"Festivalda endirimli kitablar, sərgi və satış yarmarkaları var. Ümumiyyətlə, festivalın proqramı zəngindir: əyləncəli proqramlar, elmi müzakirələr, kitab təqdimatları, yubiley tədbirləri. Bütün türksoylu ölkələrdən, o cümlədən Macarıstandan 20-dən çox tanınmış alim və qələm adamı qonağımız var. Sərgidə bütün türk dünyası ədiblərinin əsərlərinə rast gəlmək mümkündür", – deyə o əlavə edib.