Mayın 24-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı işə başlayıb.

Prezident İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək builki festival dahi bəstəkarın yubileyinə həsr olunub.

Cıdır düzündəki açılış konsertində ilk olaraq Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri ilə səslənib. Proqramda Üzeyir Hacıbəyli ilə, Arif Məlikov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Niyazi, Oqtay Zülfüqarov, Tofiq Quliyevin əsərləri ifa olunub.

Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən də musiqi kollektivləri və solo ifaçılar gəlib. Festivalın əsas məqsədlərindən biri də mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.

Açılış konsertində səhnəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin incəsənət xadimləri çıxıblar: Azərbaycandan Afaq Abbasova, Cahangir Novruzov, Əkrəm Poladov, Fatimə Cəfərzadə, Fərhad Bədəlbəyli, Fərid Əliyev, İlahə Rüstəmova, İnara Babayeva, Orxan Hüseynov, Mahir Tağızadə, Murad Adıgözəlzadə, Polad Bülbüloğlu, Yusif Eyvazov,Qazaxıstandan Azamat Jeltırquzov, Türkiyədən Ferda Yetişər, eləcə də rəqqaslar Berfu Elmas (Türkiyə), Dayna Kıdıralıyeva (Qırğızıstan), Ebru Elmas (Türkiyə), Eldiyar Marat oğlu (Qırğızıstan), Mustafa Çagatay Ozmen (Türkiyə), Nurjamal Moldoqaziyeva (Qırğızıstan), həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və teatrın Balet truppası, Azərbaycan Dövlət Xor Kapellası.

Bu gün Şuşa dirçəlir. Küçələrində musiqi səslənir, festivallar keçirilir, tarixi binalar bərpa olunur. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı kimi tədbirlər şəhərin ruhuna yenidən can verir.

Xatırladaq ki, Şuşada şəhərin rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı ilk dəfə 1989-cu ildən keçirilib. Sonrakı iki ildə, Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra 2021-ci ilin mayında festival yenidən Şuşaya qayıdıb.