
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Nəriman Seyidəliyev və mərhum professor Bayram Əhmədovun “Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub.
Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan lüğətin elmi redaktoru professor Nadir Məmmədli, redaktorları professorlar İsmayıl Məmmədli, Sevinc Əliyeva və dosent Gülarə Əmirovadır. Rəyçilər professorlar Sevil Mehdiyeva, Gülnarə Sadıqova, Abbas Abbasov, dosentlər Fidan Salayeva, Amil Cəfərov və Aqil Cəfərovdur.
Nəşrdən orta və ali məktəblərdə, kurslarda, lüğətçilik tədqiqatlarında, gənc alimlərin elmi araşdırmalarında, türkdilli xalqların böyükhəcmli lüğətlərinin hazırlanmasında istifadə oluna bilər. Bununla yanaşı, kitab geniş oxucu kütləsi üçün də faydalıdır.
Aydın tərtib prinsipləri və elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən mükəmməl sözlükdə frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilib, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi feillər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılıb. “K-Z” hərflərinin əhatə edildiyi lüğətdə 20 min 500-ə qədər frazeoloji vahidin izahı verilib.