Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudovanın rəhbərliyi ilə bu təhsil ocağının professor-müəllim heyəti və bir qrup tələbəsi Qazaxıstanda keçirilən “Türk dünyası" III Beynəlxalq Tələbə Teatrları Festivalında iştirak edib.

Universitetdən verilən məlumata görə, səfər çərçivəsində Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası ilə ADMİU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, təhsil və incəsənət sahələrində birgə layihələr, akademik mobillik, ikili diplom proqramı, müəllim və tələbələrin təcrübə mübadiləsi, yaradıcılıq görüşləri və elmi əlaqələrin inkişafı nəzərdə tutulur. Memorandumu hər iki ali təhsil müəssisəsinin rektorları imzalayıb.

Festival çərçivəsində ADMİU-nun nümayəndələri fəxri mükafatlara layiq görülüblər. ADMİU-nun rektoru professor Ceyran Mahmudova Qazax Milli İncəsənət Akademiyası tərəfindən qızıl medala layiq görülüb. Rektorun tədrisdə innovasiyalar üzrə müşaviri professor Validə Məmmədovaya Qazax Milli İncəsənət Akademiyası tərəfindən həm qızıl medal, həm də fəxri professor diplomu verilib.

Həmçinin Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov incəsənət sahəsində mütəxəssislərin hazırlanmasında sərf etdiyi böyük əməyə və festivalın münsiflər heyətində təmsil olunduğuna görə qızıl medalla təltif olunub.

Bildirək ki, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi, TÜRKSOY-un təşəbbüsü ilə təşkil olunan “Türk dünyası" III Beynəlxalq Tələbə Teatrları Festivalında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan gənc istedadlar iştirak ediblər.