Mayın 18-i Beynəlxalq Muzeylər Günüdür. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilən əlamətdar gün hər il müxtəlif deviz və mövzularla qeyd olunur. Bu il üçün “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” mövzusu seçilib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hər il Beynəlxalq Muzeylər Günü ölkəmizdə müxtəlif maraqlı aksiyalarla yadda qalır, muzeylərdə “açıq qapı” elan olunur. Ənənə bu il də davam edir.
Mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) teatr səhnəcikləri, həmçinin uşaqlar üçün ustad dərsləri təşkil olunacaq.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə mayın 18-də ekspozisiyasın rəqəmsal təqdimatı olacaq.
Əzim Əzimzadənin mənzil-muzeyi və Məmməd Səid Ordubadinin xatirə muzeyində də əlamətdar günlə bağlı tədbirlər təşkil olunacaq. “Dünən, bu gün və sabah” adlı tədbirlər çərçivəsində rəsm dərnəyinin şagirdləri və 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi ilə Əzim Əzimzadənin mənzil-muzeyində ustad dərsləri təşkil olunacaq, sərgi nümayiş etdiriləcək.
Beynəlxalq Muzeylər Günü ərəfəsində də silsilə tədbirlər təşkil olunub.
Mayın 13-dən 17-dək Azərbaycan Milli İncəsənət Muzeyində “Mirzə Qədim İrəvani – 200” layihəsi çərçivəsində uşaqlar üçün maarifləndirici tədbirlər keçirilib. Azərbaycan və rus dillərində keçirilən proqram çərçivəsində XIX əsr milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illiyinə həsr edilmiş mühazirə və təqdimat olub. Tematik və interaktiv ekskursiyalarda uşaqlar M.Q.İrəvaninin ekspozisiyada yer alan əsərləri ilə tanış olub, ustad dərslərində rəssamın əsərlərini imitasiya ediblər.
Milli İncəsənət Muzeyinin “Muzeydə kino” layihəsi çərçivəsində mayın 17-də M.Q.İrəvaninin 200 illiyinə həsr olunan “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirilib.
Mayın 17-də Abdulla Şaiqin mənzil-muzeyində “Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində müasir dövrdə uşaqların maraqlarına və inkişaf ehtiyaclarına uyğun şəkildə muzeylərin təlim-tərbiyə prosesinə cəlb edilməsi ilə bağlı çıxışlar dinlənilib. Musiqi nömrələri təqdim olunub, qiraətçilərin ifasında şeirlər səsləndirilib.
Bülbülün memorial muzeyində mayın 17-də Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi şagirdlərinin ifasında “Caz saatı” adlı konsert proqramı təqdim olunub.
Mayın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində yeni “Musiqi və təsviri sənət” adlı ekspozisiya zalının açılışı və “Muzeylər mədəniyyətlər arasında bir körpüdür” mövzusunda tədbir keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində isə mayın 16-da “Tağıyev: zamanı aşan irs” adlı tədbir təşkil olunub. “Milli mesenatın ev-muzeyi və onun əhəmiyyəti”, “Tağıyev irsinin bu günə təsiri” mövzularında mühazirələr təqdim olunub. Tədbir çərçivəsində “Tağıyev: zamanı aşan irs” mövzusunda interaktiv viktorina da keçirilib. Yüksək nəticə göstərən şagirdlər sertifikat və hədiyyələrlə təltif ediliblər.
Həmin gün Hüseyn Cavidin ev-muzeyində “Keçmişdən gələcəyə: Hüseyn Cavid və müasir cəmiyyət” adlı tədbir keçirilib. “Hüseyn Cavidin ictimai-fəlsəfi ideyalarının bugünkü zamanla əlaqəsi”, “Cavidin gələcəyə baxışı”, “Hüseyn Cavidin əsərlərində gələcək zaman, azadlıq və dəyişən insan anlayışı”, “Mənim muzeyim – mənim gələcəyim”, “Hüseyn Cavidin ev-muzeyinin mədəni yaddaşdakı yeri” mövzularında məruzələr təqdim olunub.
Mayın 16-da Səttar Bəhlulzadənin ev-muzeyində tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun “Mirzə Qədim İrəvani və XIX əsrdə İrəvanda Azərbaycan mədəni irsi” mövzusunda mühazirəsi dinlənilib.
Mayın 15-də isə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Bakı şəhərində fəaliyyət göstərən 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi ilə birlikdə Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə gənclər müxtəlif xalqların milli geyimlərində mahnı və rəqsləri ifa ediblər. Mövzu ilə bağlı sərgi nümayiş olunub.