Ötən ildən binası təmirdə olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının may ayı üzrə repertuarından növbəti tamaşa BMA-nın nəzdindəki Opera studiyasında oynanılıb. Bu səhnədə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası nümayiş olunub.
Teatrdan bildirilib ki, tamaşada Xalq artistləri Azər Zeynalov, Əkrəm Poladov, Elçin Həşimov, Əməkdar artistlər Gülüstan Əliyeva, Cahangir Qurbanov, Tural Ağasıyev, Ələkbər Əliyev, Təyyar Bayramov, Elnur Əhmədov, solistlər Atəş Qarayev, Fatimə Cəfərzadə, Fəhmin Əhmədli, Xalid Bəkirov, Sadıq Məlikov çıxış ediblər.
Tamaşanın quruluşçu rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Uzun illərdir teatrın repertuarında olan operettanın səhnə tərtibatçısı mərhum Xalq rəssamı Tahir Tahirovdur.