5 may Azərbaycanda “Xalçaçı günü”dür. Prezident İlham Əliyev 2016-cı il mayın 5-də “Azərxalça” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Dövlət başçısının 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə 5 may “Xalçaçı günü” peşə bayramı kimi təsis edilib.

 

Tarixdəki olaylar

 

5 may 1920 – Azərbaycanda bolşevik hökuməti – Müvəqqəti İnqilab Komitəsi bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən kəndlilərin istifadəsinə verilməsi barədə qərar qəbul edib. Üstündən bir neçə il ötəndən sonra həmin torpaqlar kəndlilərdən zorla geri alınaraq kolxoz təsərrüfatlarına verildi.

 

5 may 1949 – Avropa Şurası yaradılıb. Londonda keçirilən mərasimdə təşkilatın nizamnaməsini 10 dövlət – Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Danimarka, İrlandiya, Lüksemburq, Niderland, Norveç, İsveç imzalayıb. Sonrakı illərdə təşkilatın sıraları genişlənib. Hazırda üzv sayı (2022-ci ildə Rusiya təşkilatdan çıxandan sonra) 46-dır. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub. Təşkilatın mənzil-qərargahı Fransanın Strasburq şəhərindədir.

 

5 may 2006 – Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının 9-cu sammiti keçirilib. 10 müsəlman ölkəsini birləşdirən ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. Azərbaycan keçmiş SSRİ-nin müsəlman respublikaları ilə birlikdə 1992-ci ildə quruma üzv olub, son olaraq təşkilata Əfqanıstan qəbul edilib. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

5 may 1846 – Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1905) Henrik Senkeviç (1846 – 15.11.1916) anadan olub. Əsərləri: “Quo vadis” (“Hara gedirsən?”), “Girdab”, “Polonetskilər ailəsi” və s.

 

5 may 1856 – Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatın banisi Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə Məlikova-Abayeva (1856–1929) Şimali Qafqazın Nalçik şəhərində anadan olub. 1901-ci ildə Bakıda H.Z.Tağıyevin himayəsi altında fəaliyyətə başlayan Müsəlman qızlar məktəbinin direktoru olub.

 

5 may 1866 – Yazıçı-dramaturq Eynəli bəy Çölübəy oğlu Sultanov (1866–1935) Naxçıvanda doğulub. Naxçıvanda  “Müsəlman incəsənəti və dram cəmiyyəti”nin yaradıcılarından olub.

 

5 may 1892 – İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə; 1892 – 13.10.1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Dövlət himnimizin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. V.Şekspirin “Otello”, “Romeo və Cülyetta” pyeslərini dilimizə çevirib. Repressiya qurbanıdır.

 

5 may 1894 – Əməkdar artist Əhməd Anatollu (Əhməd Muxtar oğlu Səfərov; 1894 – 7.4.1973) Bakıda doğulub. Akademik Dram, Musiqili Komediya teatrlarının aktyoru olub.

 

5 may 1899 – Əməkdar incəsənət xadimi, rəssam, qrafik Əmir Səhliəli oğlu Hacıyev (1899 – 21.8.1972) Şuşada anadan olub. Azərbaycan  yazıçılarının bir çox əsərlərinə illüstrasiyalar çəkib.

 

5 may 1905 – Tanınmış ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov; 1905 – 18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.

 

5 may 1908 – İlk azərbaycanlı qadın kinorejissor Qəmər Əliqulu qızı Salamzadə (1908 – 20.4.1994) anadan olub. Şair Əliqulu Qəmküsarın qızıdır. “Səbuhi” (1941) filminin rejissor assistenti olub.

 

5 may 1910 – SSRİ Xalq artisti, rejissor, aktyor Ədil Rza oğlu İsgəndərov (1910 – 18.9.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. Filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.

 

5 may 1918 – Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi Mirəli Mirələkbər oğlu  Seyidov (1918 – 26.4.1992) İrəvanda doğulub. “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, “Azərbaycan xalqının soykökünü düşünərkən” və s. kitabların müəllifidir.

 

5 may 1920 – Rəssam, Əməkdar incəsənət xadimi Əbdülxalıq (Əbdülxalıq Əbdüəli oğlu Rzaquliyev; 1920 – 30.9.1988) Bakıda anadan olub.

 

5 may 1922 – Xalq artisti Ələddin Aslan oğlu Abbasov (1922 – 13.7.2014) Gəncədə doğulub. 1939-cu ildən Gəncə Dram Teatrında çalışıb. “Dəli Kür”, “Qatır Məmməd”, “Nizami”, “Qətl günü” və s. filmlərdə çəkilib.

 

5 may 1927 – Əməkdar incəsənət xadimi, qrafik-rəssam Bəyim Əzizbala qızı Hacızadə (1927–2017) Bakıda doğulub. Müxtəlif mövzularda linoqravüralar, “Xocalı” və s. əsərlərin müəllifidir. 

 

5 may 1930 – Xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930 – 5.7.2002) Ağcabədi rayonunda doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

 

5 may 1930 – Tanınmış xanəndə Nəriman Mövsüm oğlu Əliyev (1930 – 28.4.1998) Bakıda doğulub. Bir çox məşhur muğam ifaçılarının ustad-müəllimi olub.

 

5 may 2021 – Xalq şairi, Yazıçılar Birliyinin birinci katibi, Dövlət mükafatı laureatı Fikrət Göyüş oğlu Qoca (25.8.1935 – 2021) vəfat edib.

Hazırladı: Vüqar Orxan