Naxçıvan Dövlət Milli Dram Teatrı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında qarşılıqlı yaradıcılıq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə memorandum imzalanıb.

Bu barədə Naxçıvan Dövlət Milli Dram Teatrından məlumat verilib.

Tədbirdən öncə hər iki teatrın nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qonaqlar Heydər Əliyev Muzeyinə baş çəkib, dahi rəhbərin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Sonra keçirilən mərasimdə Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərov əməkdaşlıq memorandumu imzalayıblar.

Sənəddə teatrlar arasında yaradıcı mübadilə, XXI əsrin yeni sənət platformalarının müzakirəsi, birgə tamaşa layihələrinin və festivalların təşkili, eləcə də forum və ustad dərslərinin keçirilməsi kimi məsələlər əksini tapıb.

Tədbirdə memorandumun Bakı və Naxçıvan teatr mühitinin inteqrasiyası, eləcə də milli teatr sənətinin inkişafı üçün əhəmiyyəti vurğulanıb.

Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov sənədin Bakı ilə Naxçıvanın sənət mühiti arasında körpü olduğunu, iki teatrın yaradıcı potensialını birləşdirərək gənc nəsil üçün yeni üfüqlər açacağını deyib.

Qarşılıqlı əlaqələrin önəmini qeyd edən Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərov bildirib ki, bu tərəfdaşlıq Naxçıvan teatrının təkcə respublika miqyasında deyil, beynəlxalq festivallar müstəvisində də təmsil olunmasına zəmin yaradır.

İmzalama mərasiminin sonunda tərəflər arasında xatirə hədiyyələri təqdim olunub.

Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi ilə xatirə şəkli çəkdirilib.