Bülbülün Memorial Muzeyində (Bakı şəhəri) Məmməd Səid Ordubadinin Xatirə Muzeyi ilə birgə 18 sentyabr – Milli Musiqi Günün həsr olunmuş tədbir təşkil edilib.

Bu barədə Bülbülün Memorial Muzeyindən məlumat verilib.

Tədbirdə Şövkət Ələkbərova adına 20 saylı onbirillik musiqi məktəbi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi və 8 nömrəli tam orta məktəbin şagirdləri və "Baharın ilk səsi" xor kollektivi iştirak edib.

Tədbir dahi sənətkar Bülbülün ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyasının lent yazısının nümayişi ilə başlanıb.

Sonra məktəblərin müəllim və şagirdlərinin ifasında musiqi proqramı təqdim edilib.

Üzeyir Hacıbəylinin "Arşın mal alan" operasından Asyanın ariyası, Fikrət Əmirovun "Ekspromt №1" əsəri, Tofiq Quliyevin "Rəqs" və "Qaytağı" əsərləri, həmçinin Azərbaycan xalq mahnıları səsləndirilib.

Tədbir "Arazbarı" və "Qarabağ şikəstəsi" ilə yekunlaşıb.