18 sentyabr – Milli Musiqi Günü münasibətilə Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən teatrın binasında və Heydər Əliyev mədəniyyət və istirahət parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında kukla tamaşası nümayiş etdirilib.
Bu barədə teatrdan məlumat verilib.
Tamaşadan əvvəl Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov çıxış edərək marionet kuklalarla hazırlanmış səhnə əsəri haqqında məlumat verib.
Daha sonra tamaşa təqdim olunub.
Üzeyir Hacıbəylinin ölməz əsərinin kukla oyunu ilə nümayişi, dahi bəstəkarın möhtəşəm musiqisi və tamaşanın ümumi səhnə həlli seyrçilərə xoş ovqat bəxş edib.
Naxçıvan Dövlət Kukla Teatrının kollektivinin Milli Musiqi Gününə bu sənət töhfəsi maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Təqdimat Üzeyir Hacıbəylinin zəngin yaradıcılığının, Azərbaycan milli musiqisinin və teatr sənətinin təbliği baxımından əhəmiyyət daşıyıb. Bu cür mədəni tədbirlər həmçinin uşaqların milli-mənəvi dəyərlər və Azərbaycan mədəniyyəti barədə biliklərinin zənginləşdirilməsinə xidmət edir.

























