Sentyabrın 18-də Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində, Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü münasibətilə Ağcabədi şəhərində mədəni proqram təqdim edilib.

Qarabağ Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, şəhid ailələri, qazilər, hərbçilər, musiqi məktəblərinin müəllim və şagirdləri, eləcə də sənətsevərlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində kitab və rəsm sərgisi təşkil olunub, dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib.

Çıxışlarda Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən və zəngin yaradıcılıq irsindən bəhs olunub.

Bədii proqramda Qarabağ RMİ-nin tabeliyində Ağcabədi, Bərdə və Ağdam rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri, eləcə də musiqi kollektivləri çıxış ediblər.

Proqramda Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, müxtəlif musiqi və rəqs kompozisiyaları təqdim olunub.

Füzuli Dövlət Dram Teatrının kollektivi isə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Arşın mal alan” və “O olmasın, bu olsun” kimi ölməz əsərlərindən maraqlı səhnə və rəqs kompozisiyaları nümayiş etdirib.