AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərmin Babayevanın “Miflər və dünyanın idrakı” adlı monoqrafiyası nəşr edilib.

İnstitutdan bildirilib ki, monoqrafiya “Etioloji mif, onun miflərin təsnifat sistemindəki yeri və kosmoqonik mifə bağlılığı”, “Real-fiziki dünya obrazlarının yaranması haqqında etioloji miflər”, “Metafiziki dünya və zaman obrazlarının yaranması haqqında etioloji miflər” adlı əsas bölmələrdən ibarətdir.

Tədqiqat Azərbaycan folklorşünaslığında ayrıca monoqrafik problem kimi indiyədək sistemli şəkildə araşdırılmamış etioloji miflərin semantikasına həsr olunub. Müəllif etioloji miflərin digər tematik mif qruplarından fərqləndirilməsi prinsiplərini, onların mifoloji mətnlər sistemindəki yerini və nəzəri mahiyyətini müəyyənləşdirib.

***

AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Kəlmələrin yolçuluğu: ön sözlərdən elmə, şeirdən romana” adlı yeni kitabı da nəşr olunub.

Topluda müəllifin müxtəlif illərdə qələmə aldığı elmi, ədəbi-tənqidi və analitik yazılar, eləcə də ayrı-ayrı nəşrlərə yazılmış ön sözlər bir araya gətirilib. Toplu yalnız müxtəlif mətnlərin antologiya prinsipi əsasında bir araya gətirilməsi deyil, müxtəlif ədəbi, elmi və estetik kontekstlərdə formalaşmış düşüncə sisteminin ardıcıl şəkildə təqdim olunması kimi səciyyələndirilir. 

Nəşrdə Şah İsmayıl Xətainin çoxşaxəli irsi, Rəsul Rzanın poeziyası, Anarın nəsrində ölüm və ekzistensial tənhalıq, dünyanın dərkinin poetik formaları, Arif Fərzəlinin və Vahid Əzizin yaradıcılığı, o cümlədən Vahid Əzizin şeirlərində Qarabağ müharibəsi kimi mövzular araşdırılır.

***

Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri professor Füzuli Bayatın iştirakı ilə ərsəyə gələn daha bir kirab “Türk dünyası uşaq nağılları” toplusudur.

Türk xalqlarının zəngin folklor irsini uşaqlara çatdırmaq məqsədi daşıyan nəşrin müəllifləri sırasında professor Füzuli Bayat, türkiyəli professor Kürşad Zorlu və doktorant Çağla Çama yer alıblar.

Kitabda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, uyğur və tatar folklor mühitinə aid yeddi nağıl təqdim olunur. Nəşrin əsas xüsusiyyətlərindən biri nağılların əvvəlcə onların yarandığı mühitin dil və ləhcə xüsusiyyətləri ilə, daha sonra isə Türkiyə türkcəsində təqdim edilməsidir. Bu yanaşma müxtəlif türk xalqlarının folklor nümunələri arasındakı dil və məzmun yaxınlığının uşaqlar üçün daha aydın şəkildə qavranılmasına imkan yaradır.