Avqustun 21-də Milli Azərbaycan Tarixi Muzeyində “Ahıska türkləri – itirilmiş sürgünün izi ilə” adlı sərginin açılışı olub.
Sərgi Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi və Dünya Ahıska Türkləri Birliyinin əməkdaşlığı çərçivəsində hazırlanıb.
Sərgi 1944-cü ildə Ahıska türklərinin Gürcüstan ərazisindəki doğma torpaqlarından deportasiya edilməsinin tarixi və nəticələrinə həsr olunub. Ekspozisiyada Ahıska türklərinin sürgün zamanı və sonrakı dövrlərdə yaşadıqları hadisələri əks etdirən tarixi sənədlər, fotoşəkillər və şahidliklər təqdim olunur.
Sərginin əsas məqsədi Ahıska türklərinin yaşadığı sürgün faciəsinin tarixi yaddaşda qorunması, onların milli və mədəni kimliyinin gələcək nəsillərə çatdırılması, eləcə də bu tarixi hadisəyə ictimai diqqətin artırılmasıdır. Ekspozisiyada sürgünün yalnız tarixi hadisə kimi deyil, bir xalqın doğma torpağı, kimliyi, mədəniyyəti və yaddaşı ilə əlaqəsi kontekstində təqdim edilməsinə xüsusi diqqət yetirilir. Müxtəlif coğrafiyalara səpələnmiş Ahıska türklərinin həyat hekayələri, parçalanmış ailələr, sürgün illərinin xatirələri və ana vətənə qayıdış arzusu sərginin əsas mövzularını təşkil edir.
“Ahıska türkləri – itirilmiş sürgünün izi ilə” sərgisi ilk dəfə 12 iyun 2026-cı il tarixində İstanbul Atatürk Mədəniyyət Mərkəzində Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı ilə ziyarətçilərə təqdim olunub. İki həftə nümayiş olunan sərgi yerli və xarici ziyarətçilərin marağına səbəb olub.
Sərginin kuratoru Beste Gürsu, ekspozisiya üçün xüsusi musiqilərin müəllifi isə bəstəkar Fahir Atakoğludur. Tarixi sənədlər, fotoşəkillər və canlı şahidliklər vizual və audio materiallarla bir araya gətirilərək ziyarətçilərə Ahıska türklərinin tarixi və kollektiv yaddaşı haqqında geniş təsəvvür yaradır.
Sərginin İstanbuldan Bakıya Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə qatarla daşınması da xüsusi rəmzi məna daşıyır. Bir zamanlar sürgün nəticəsində ayrılan coğrafiyaların bu gün dəmir yolu vasitəsilə birləşdirilməsi sərginin yaddaş və qardaşlıq mesajını daha da gücləndirir.
Azərbaycanın sərginin növbəti ünvanı olması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun illərdir Ahıska türklərinə dəstək göstərərək onların ölkənin müxtəlif bölgələrində məskunlaşmasına və yeni həyat qurmasına şərait yaradıb. Saatlı, Sabirabad, Şəmkir, Gəncə, Quba və Xaçmaz kimi şəhər və rayonlarda Ahıska türkləri məskunlaşıb.
***
Açılış tədbirində Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, tarixçilər, Ahıska türklərinin təmsilçiləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün və digər çıxış edənlər tarixi yaddaşın qorunması və bu cür sərgilərin təşkilinin gənc nəsillərin öz tarixini daha yaxından tanıması baxımından əhəmiyyətli olduğunu bildiriblər.
"Bu sərgi yalnız tarixi hadisələrə həsr olunmuş ekspozisiya deyil. Ahıska türklərinin tarixinə, məruz qaldıqları deportasiyaya, sürgün faciəsinə, onların milli-mədəni irsinin və tarixi yaddaşının qorunmasına həsr olunan sərgi həm də insan taleyinin, milli yaddaşın, doğma yurda bağlılığın və tarixi ədalətə olan inamın ifadəsidir", – deyə səfir Birol Akgün vurğulayıb.
Ahıska türklərinin taleyinin XX əsrin ən ağır deportasiya və sürgün faciələrindən biri olduğunu diqqətə çatdıran səfir sürgün zamanı və sonrakı illərdə minlərlə insanın həyatını itirdiyini qeyd edən səfir ailələrin parçalandığını, bu faciənin nəsillərin yaddaşında silinməz iz buraxdığını söyləyib. O vurğulayıb ki, bu ağrı Azərbaycan xalqına da yaxşı tanışdır. Azərbaycan xalqı ötən əsrdə doğma torpaqlarından zorla köçürülmənin, deportasiyanın, etnik təmizləmənin və yurd həsrətinin ağrısını dəfələrlə yaşayıb.
Birol Akgün belə sərgilərin təşkilinin tarixi yaddaşın qorunması, keçmişdə baş vermiş faciələrin gələcək nəsillərə çatdırılması və xalqlar arasında həmrəyliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
***
Ekspozisiyada nümayiş olunan hər bir fotoşəkil, sənəd və şahidlik Ahıska türklərinin tarixinin müəyyən bir mərhələsini əks etdirir. Sərginin konsepsiyasında əsas diqqət yalnız sürgünün ağrılarını göstərməyə deyil, eyni zamanda, Ahıska türklərinin bütün çətinliklərə baxmayaraq, öz kimliklərini qoruyub saxlamalarına, ailə və mədəniyyət bağlarını yaşatmalarına və gələcəyə olan ümidlərini itirməmələrinə yönəlib. Bu baxımdan, sərgi həm tarixi hadisənin sənədləşdirilməsi, həm də Ahıska türklərinin kollektiv yaddaşının yaşadılması baxımından mühüm mədəni layihə kimi qiymətləndirilir.
Bakıdan sonra sərginin nümayişi Türkiyədə davam edəcək. Növbəti təqdimat noyabrın 14-də – Ahıska türklərinin 1944-cü il sürgününün ildönümündə Ankara Vağzalının tarixi binasında təşkil ediləcək.
Beləliklə, İstanbuldan Bakıya, Bakıdan Ankaraya uzanan sərgi səfəri Ahıska türklərinin tarixinin müxtəlif auditoriyalara çatdırılmasına xidmət etməklə yanaşı, ortaq yaddaşın, Azərbaycan-Türkiyə qardaşlığının və tarixi-mədəni bağların daha da möhkəmləndirilməsinə töhfə verəcək. Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Milli Azərbaycan Tarixi Muzeyindəki sərgi avqustun 28-dək ziyarət üçün açıq olacaq.






















