Prezident İlham Əliyev avqustun 20-də “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət Proqramı turizmin ölkənin sosial-iqtisadi inkişafında rolunun gücləndirilməsi, qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi, regionların rəqabət qabiliyyətinin artırılması və Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin möhkəmləndirilməsi məqsədilə hazırlanıb. Proqram həmçinin turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, effektiv brendinq və marketinq fəaliyyətinin təşkili məqsədi dayışır. 

Dövlət Proqramının icrası nəticəsində Azərbaycan Respublikasının turizm sahəsinin regional və qlobal rəqabət qabiliyyətinin gücləndirilməsi, dayanıqlılıq prinsipləri əsasında müxtəlif turizm növləri üzrə keyfiyyətli turizm təcrübəsi təqdim edən müəyyən coğrafi ərazidə yerləşmə, nəqliyyat, infrastruktur, əyləncə və digər xidmətlərin vahid şəkildə göstərildiyi turizm məkanına çevrilməsi, turizm sektorunun sosial-iqtisadi inkişafa, o cümlədən ÜDM-in artımına, məşğulluğa və qeyri-neft-qaz ixracına töhfəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi nəzərdə tutulub.

***

Qeyd edək ki, Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı 2002-ci ildə (2002–2005-ci illər üzrə) qəbul olunub.

Sektorun inkişafı ilə bağlı növbəti proqram 2010–2014-cü illəri əhatə edib. Həmçinin turizm sektorunun daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurəti nəzərə alınaraq 2011-ci il Azərbaycanda “Turizm İli” elan edilib.

2016-cı ildə Prezidentin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəddə sahənin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış, eləcə də prioritet istiqamətlər əksini tapmışdı.

Beləliklə, yeni Dövlət Proqramı son 25 ildə bu sahənin inkişafına təkan vermək məqsədi daşıyan sayca dördüncü  fundamental fəaliyyət sənədidir.

***

“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, effektiv brendinq və marketinq fəaliyyətinin təşkili məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

2.1.1. altı ay müddətində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi;

2.1.2. üç ay müddətində:

2.1.2.1. turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi;

2.1.2.2. Dövlət Proqramının 8.8.1.3-cü abzasında və 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair;

2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;

2.3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görsünlər.

6. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2026-cı il

***

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı (tam mətn)