Xəbər verildiyi kimi, 2026-cı il avqustun 1-dən 10-dək “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix Mədəniyyət Qoruğunda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiyası tərəfindən aparılan arxeoloji qazıntıların növbəti mərhələsində tarix ixtisası üzrə təhsil alan tələbələr də iştirak ediblər.

Avqustun 11-də Bakı Dövlət Universiteti (BDU) tələbələrinin iştirakı ilə keçirilmiş “Şəmkir arxeoloji yay məktəbi”nin yekunlarına dair onlayn elmi-praktik seminar təşkil edilib.

Seminara BDU, Arxeologiya və Antropologiya İnstitutu, “Qədim Şəmkir Şəhəri” qoruğu və digər qurumların nümayəndələri, həmçinin yay məktəbinin iştirakçısı olan tələbələr qatılıblar.

“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nurlan Həsənov seminarın moderatoru qismində giriş sözü söyləyib.

Sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika üzrə elmlər doktoru Hüseyn Məmmədov, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov çıxış ediblər.

Şəmkir arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə elmlər doktoru Tarix Dostiyev, BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru Aslan Qasımov, ekspedisiyanın aparıcı elmi işçisi, dosent Rəşid Bəşirov, kiçik elmi işçi Zümrüd İmanova və elmi işçi Vüsalə Beydullazadə yay məktəbinin gedişi, aparılmış arxeoloji tədqiqatlar, tələbələrin qazıntılarda və elmi-praktik məşğələlərdə iştirakı barədə məlumat veriblər.

Çıxışlarda 1–10 avqust tarixlərində Qədim Şəmkir şəhər yerində keçirilmiş “Arxeoloji yay məktəbi”nin nəticələri ümumiləşdirilib. Bildirilib ki, proqram müddətində tələbələr arxeoloji qazıntıların aparılması, mədəni təbəqə və stratiqrafiyanın öyrənilməsi, aşkar olunan tikili qalıqlarının, təndirlərin və döşəmə səviyyələrinin təmizlənməsi və sənədləşdirilməsi prosesində bilavasitə iştirak ediblər. Onlara arxeoloji tapıntıların qeydiyyatı və ilkin emalı, keramika materiallarının öyrənilməsi, çöl sənədlərinin hazırlanması ilə bağlı praktiki bilik və bacarıqlar aşılanıb.

Yay məktəbinin mühüm istiqamətlərindən biri rəqəmsal arxeologiya olub. Tələbələr arxeoloji keramikanın fotoqrammetriya üsulu ilə sənədləşdirilməsi və 3D modellərinin hazırlanması, rəqəmsal memarlıq təsvirləri və müasir sənədləşdirmə metodları üzrə nəzəri və praktiki təlimlərdə iştirak ediblər. Bununla yanaşı, proqram çərçivəsində Qədim Şəmkirin tarixi-arxeoloji irsi, arxeoloji turizm potensialı və mədəni irsin qorunması məsələlərinə də xüsusi diqqət yetirilib.

Seminarda yay məktəbinin iştirakçısı olan tələbələr öz təcrübələrini də təqdim ediblər.

BDU-nun Tarix fakültəsinin magistrantları Elmir Qəmbərli, Əsginaz Yusifli, Nihad Şükürov və Cavidan Qafarov, bakalavr tələbələri Ayşən Süleymanlı və Amin Əliyev, həmçinin Sumqayıt Dövlət Universitetinin tələbəsi Pərvin Tağıyev yay məktəbində qazandıqları təcrübə və praktiki biliklərlə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə vurğulanıb ki, yay məktəbi universitet təhsilinin sahə tədqiqatları ilə əlaqələndirilməsi, tələbələrin arxeoloji ekspedisiyanın real iş prosesinə cəlb edilməsi, onların nəzəri biliklərinin praktik bacarıqlarla tamamlanması və müasir arxeoloji tədqiqat metodlarının gənc mütəxəssislərə öyrədilməsi baxımından böyük əhəmiyyətə malikdir. Yay məktəbinin nəticələrinin elmi seminar formatında müzakirəsi isə tələbələrin əldə etdikləri bilik və təcrübəni ümumiləşdirməsinə və elmi ictimaiyyətlə bölüşməsinə imkan yaradıb.

 

Aləmzər Hüseynova

“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix Mədəniyyət Qoruğunun elmi işçisi