AMEA Arxeologiya və Antropologiya İnstitutu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun (Ağstafa rayonu) birgə təşkilatçılığı ilə reallaşan “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda nəzəri və praktiki təlimlər başa çatıb.

Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində təlimlərin yekununa həsr edilmiş iclas keçirilib.

İclasda çıxış edən Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Azərbaycanda elmin müasir tələblərə uyğun rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirildiyini bildirib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq olunduğunu, iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirildiyini diqqətə çatdırıb.

Direktor türkiyəli mütəxəssislərin iştirakı ilə təşkil olunmuş nəzəri və praktiki təlimlərin Azərbaycan arxeologiyasında rəqəmsal texnologiyaların tətbiqi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, təlimlərdə azərbaycanlı arxeoloqlar rəqəmsal təsvirlərin hazırlanması, 3D modelləşdirmə və sənədləşdirmə texnologiyaları üzrə yeni bilik və bacarıqlar əldə ediblər. Artıq bu biliklərə yiyələnmiş arxeoloqlarımız hər bir tədqiqat ərazisinin müasir tələblərə cavab verən rəqəmsal modelini yaradacaqlar. Fərhad Quliyev təlimləri aparan mütəxəssislərə - Ege Universitetinin doktoru Zafer Derinə, Manisa Celal Bayar Universitetinin tədqiqatçısı Şahin Menteşeyə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisi Hilal Beydemirə, habelə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun kollektivinə təşəkkürünü bildirib.

“Keşikçidağ” qoruğunun direktoru Musa Mursaquliyev çıxış edərək Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidələrdə aparılan tədqiqatlara böyük önəm verdiyini söyləyib. O, arxeoloji tədqiqatların rəqəmsallaşma işində dövlət qurumlarının və elmi tədqiqat müəssisələrinin birgə fəaliyyətinin yüksək nəticələrini qeyd edib.

Türkiyəli mütəxəssislər “Keşikçidağ” və “Qədim Şəmkir şəhəri” qoruqları ərazisindəki abidələrdə, həmçinin Gədəbəy rayonundakı Xarxar nekropolunda və Tovuz rayonundakı Göytəpə yaşayış məskənində aparılan tədqiqatlara əsasən, Azərbaycanda arxeologiya elminin böyük potensiala sahib olduğunu bildiriblər. Bu təlimlərin daha geniş vüsət alacağı, hər iki qardaş dövlətdə aparılan arxeoloji tədqiqatlarda elmi mübadilə çərçivəsində birgə əməkdaşlığın dərinləşməsinə böyük ümid bəslədikləri vurğulanıb.

Arxeologiya və Antropologiya İnstitutunun doktorantı Aqil Əliyev əldə olunan biliklərin qısa müddətdə arxeoloji çöl və kameral tədqiqatlarda tətbiqinin Azərbaycanın rəqəmsal arxeologiyasının beynəlxalq elm ictimaiyyətində layiqli təmsil olunması üçün geniş imkanlar yaradacağını bildirib.

Tədbirin rəsmi hissəsindən sonra türk təlimçilər abidələrin və qazıntı ərazilərinin 3D təsvirlərinin müxtəlif istiqamətlər üzrə emalı və tapıntıların LiDAR texnologiyası vasitəsilə üçölçülü təsvirlərinin yaradılması üzrə son nəzəri-praktiki təlimlərini keçiblər. Bununla da dörd gün davam etmiş “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda nəzəri və praktiki təlimlər başa çatıb.