Beynəlxalq Bakı Piano Festivalı ənənəsinə sadiq qalaraq bu yay da sənətsevərlərin zövqünü oxşayacaq.

İyulun 2-də İçərişəhərdəki Şirvanşahlar sarayı kompleksində “Shahin Novrasli” (Baku Piano Festival) 5-ci beynəlxalq musiqi festivalı ilə bağlı mətbuat konfransı keçirildi.

Festivalın təsisçisi və direktoru Əməkdar artist, tanınmış caz piano ifaçısı Şahin Növrəsli festivalın ilk yubiley ilində tədbirin bütünlüklə İçərişəhərdə keçiriləcəyini vurğuladı, musiqi bayramının baş tutmasında maraqlı olan və töhfəsini əsirgəməyən hər kəsə minnətdarlığını bildirdi.

Mətbuat konfransında iştirak edən festival iştirakçıları, tərəfdaş və sponsor təşkilatların təmsilçiləri festivalın ölkənin mədəni həyatında xüsussi yeri olduğunu qeyd etdilər.

Bundan sonra Bakı Beynəlxalq Piano Festivalı Şahin Növrəsli Festivalı adlanacaq.

Festival iyulun 3-də Jozefina Beykerin iştirak edəcəyi konsertlə açılacaq və iyulun 12-də Braziliya musiqisindən ibarət konsertlə başa çatacaq.

On gün ərzində paytaxt sakinlərinə və qonaqlara 10 ölkənin musiqi mədəniyyətini təmsil edən ifaçıların müxtəlif janrlarda performanslarından zövq almaq imkanı təqdim ediləcək.

“Shahin Novrasli” festivalında həmçinin festival yarmarkası, gündəlik DJ setləri, ədəbi müsabiqə və cem-seyşnlər keçiriləcək.

Festivalın xüsusi əhəmiyyət verərək meydana çıxardığı gənc istedadların “We Are the Future” konserti də, şübhəsiz ki, öz auditoriyasını tapacaq.

 

Samirə