İyunun 19-da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin təşəbbüsü ilə “Multidissiplinar tədqiqatın müasir elmə töhfəsi: Nadir şahın şəxsiyyəti, dövrü və islahatları” mövzusunda tədbir keçirilib.

Bu barədə institutdan məlumat verilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov giriş sözündə Nadir şah Əfşarın hərbi-siyasi fəaliyyəti, dövrünün ədəbi mühiti və həyata keçirdiyi islahatların multidissiplinar müstəviyə daşınmasının müasir elm üçün böyük əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu cür tədqiqatlar tariximizin qaranlıq səhifələrinə işıq salmaqla yanaşı, gənc nəslin dövlətçilik ənənələrini dərindən öyrənməsinə töhfə verir.

İnstitutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli “Nadir şahın soykökü və şəxsiyyəti tarixşünaslıqda” adlı məruzəsində görkəmli sərkərdənin mənşəyi və tarixi rolu barədə mövcud elmi yanaşmaları təhlil edib. Alim müxtəlif dövrlərə aid mənbələrdə Nadir şah şəxsiyyətinə verilən qiyməti müqayisəli şəkildə diqqətə çatdıraraq, onun soykökü ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirib. Bildirib ki, obyektiv tarixşünaslığın formalaşmasında bu cür fundamental araşdırmalar əhəmiyyət kəsb edir.

Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Elnurə Babayeva “XVIII əsr Azərbaycan və İran ədəbiyyatında Nadir şah obrazı” adlı məruzəsində hər iki xalqın XVIII əsr ədəbiyyatında bu qüdrətli hökmdarın obrazının bədii əksi, tarixi reallıqlarla bədii təxəyyülün kəsişmə nöqtələri barədə maraqlı faktlar təqdim edib. Məruzədə dövrün ədəbi nümunələrində Nadir şah Əfşar şəxsiyyətinə və hərbi-siyasi fəaliyyətinə verilən bədii qiymət müqayisəli şəkildə təhlil olunub.

Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi tarix e.d., dosent Rəna Məmmədova “Nadir şahın islahatları” adlı məruzəsində Nadir şah Əfşarın hakimiyyəti dövründə həyata keçirdiyi hərbi, inzibati və dini islahatların tarixi əhəmiyyətini, eləcə də bu islahatların dövlətçilik tariximizdəki rolunu diqqətə çatdırıb.

Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadə “Nadir şah olduğu kimi” adlı məruzəsində əski çap kitablarının verdiyi məlumatlar əsasında Nadir şahın fəaliyyətinə və onun tarixi irsinə fərqli bir elmi baxış nümayiş etdirib.

Tədbirdə multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi İlahə Ələkbərovanın “İqtisadi siyasət və vergi sistemi: Nadir şah dövrünün yenilikləri”, şöbənin mütəxəssisi Nərminə Salmanlının “Hərbi liderdən imperatora: Nadir şahın hakimiyyət legitimliyi” adlı məruzələri də təqdim olunub.

 

Sonda çıxış edən Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rüxsarə Məmmədova təqdim etdiyi “Tarixin canlı səsi: Nadir şah irsi və Rəna Məmmədovanın tədqiqat dünyası” adlı məruzədə həm Nadir şah Əfşarın zəngin tarixi irsinə nəzər salıb, həm də həmkarı Rəna Məmmədovanın bu istiqamətdə apardığı fundamental araşdırmaların əhəmiyyətini və tədqiqat dünyasını geniş şəkildə təhlil edib.

Tədbir çərçivəsində institut kitabxanasının mövzuya uyğun hazırladığı kitab sərgisi təqdim olunub.