Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq və Qeyri-Maddi Mədəni İrs Elmi-Tədqiqat İnstitutunda “Ənənəvi ifaçılıq və müasir interpretasiyanın vəhdəti” mövzusunda beynəlxalq elmi-praktik seminar keçirilib. Seminar Şərq musiqi mədəniyyətində xüsusi yer tutan tar alətinin ifaçılıq ənənələrinə, onun klassik ifa məktəblərinə, müasir səhnə interpretasiyalarına və bugünkü ifaçılıq praktikasındakı bədii imkanlarının elmi-praktik yanaşmalarına həsr olunub.
Seminara Azərbaycanın Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Özbəkistanın Mədəniyyət səfiri, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu və Özbəkistan Milli Musiqi Sənəti İnstitutunun fəxri professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD) Sahib Paşazadə rəhbərlik edib.
Sahib Paşazadə seminar çərçivəsində tar ifaçılığının tarixi kökləri, onun Azərbaycan muğam sənətindəki yeri, ifaçılıq məktəblərində formalaşmış üslub xüsusiyyətləri, həmçinin ənənəvi çalğıçılıq sənətinin müasir səhnə mədəniyyəti ilə uzlaşdırılması məsələləri ətrafında geniş məlumat verib. Bildirib ki, klassik ənənəni itirmədən, müasir muğam mizrab və barmaq ştrixləri habelə özümüzdən əvvəlki tarzənlərin ifaçılıq üslublarının öyrənilib müasir şəkildə gənc nəslə çatdırılması ən ümdə məsələlərdir.
Tarzən muğam ifaçılığı, Azərbaycan xanəndəlik məktəbi, klassik muğam triosu haqqında geniş məlumat verib, solo ifa, müşayiətçi tarzən ifaçılığının qorunub saxlanılması mövzusunda fikirlərini bölüşüb. Bildirib ki, bu ifaçılıq ənənələrinin qorunub saxlanılmasında Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin layihələri mühüm yer tutur. Heydər Əliyev Fondu tərəfindən Beynəlxalq Muğam Mərkəzi, “Muğam antologiyası”, "Muğam ensiklopediyası”, “Muğam aləmi” beynəlxalq elmi konfransı, muğam televiziya müsabiqəsi və beynəlxalq muğam festivalı layihələri, həmçinin muğamların onlayn platformalara köçürülməsi mühüm əhəmiyyət kəsb edir.
Tədbirin mühüm cəhətlərindən biri ondan ibarət olub ki, burada tar sənəti yalnız musiqi aləti ifaçılığı nümunəsi kimi deyil, həm də Şərq xalqlarının musiqi təfəkkürünü, estetik baxışlarını və ustad-şagird ənənələrini özündə yaşadan nadir bədii fenomen kimi təqdim edilib. Bu mövzuda fikirlərini seminar iştirakçıları ilə bölüşən tarzən vurğulayıb ki, 1978-ci ildən Özbəkistanda keçirilən muğam festival və simpoziumları bütün Şərq xalqlarının öz mədəni irsini dünyaya tanıtması, milli-mənəvi dəyərlərini yaşatması və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməsi baxımından mühüm platformaya çevrilib. Müasir gündə bu dəyər və ənənələri qoruyaraq gələcək nəsillərə ötürmək bizim qarşımızda duran ən vacib məsələlərdən biri olmalıdır.
Seminarın sonunda institutun prorektoru Həsən Mirəliyev Sahib Paşazadəyə Mədəniyyətşünaslıq və Qeyri-Maddi Mədəni İrs Elmi-Tədqiqat İnstitutunun rektoru Botirjon Ergashevin adından sertifikat təqdim edib və azərbaycanlı tarzəni qarşılıqlı elmi təcrübənin davamı olaraq cari ilin sonunda daha geniş formatda növbəti seminara dəvət edib.
Qeyd edək ki, seminar Özbəkistan və Azərbaycan arasında mədəni-elmi əməkdaşlığın daha da möhkəmləndirilməsi, muğam və maqom sənətləri arasındakı ortaq cəhətlərin dərindən öyrənilməsi, eləcə də gənc tədqiqatçılar üçün yeni elmi-praktik dialoq platformasının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edib.























