İyunun 17-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, dramaturq, maarif xadimi Abdulla Şaiqin anadan olmasının 145 illiyinə həsr olunmuş “Söz dünyasına səyahət” adlı tədbir keçirilib.      

Bu barədə kitabxanadan məlumat verilib.

Tədbirdə 83, 187 nömrəli tam orta məktəblərin şagird və müəllim heyəti, Abdulla Şaiq Ev-Muzeyinin direktoru, ədibin nəvəsi Ülkər Talıbzadə, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin (UGİM) direktoru Qəti Lalə, Nizami adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin dosenti  fil.ü.f.d.İlhamə Ağazadə, uşaq yazıçıları Solmaz Amanova, Gülzar İbrahimova və digər qonaqlar iştirak ediblər.

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaqları salamlayaraq Abdulla Şaiqin Azərbaycan uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdiyini bildirib. Qeyd edib ki, böyük ədibin əsərləri bu gün də öz aktuallığını qoruyur, uşaqların mənəvi dünyasının formalaşmasında mühüm rol oynayır. Direktor kitabxana tərəfindən milli ədəbi irsin təbliği və gənc nəslin klassik ədəbiyyat nümunələri ilə yaxından tanış olması istiqamətində həyata keçirilən layihələrə xüsusi önəm verildiyini vurğulayıb.

Abdulla Şaiq Ev-Muzeyinin direktoru Ülkər Talıbzadə çıxışında qeyd edib ki, Abdulla Şaiq ömrünü xalqının maariflənməsinə, uşaqların savadlı və vətənə layiqli vətəndaş kimi yetişməsinə həsr etmiş böyük ziyalılardan biridir. Onun əsərlərinin bu gün də uşaqlar tərəfindən sevgi ilə oxunması və səhnələşdirilməsi yaradıcılığının daim yaşadığını göstərir.

Respublika Uşaq Kitabxanasına Abdulla Şaiqin 145 illik yubileyi münasibətilə keçirilən tədbirə və yaradılmış elektron məlumat bazasına görə təşəkkürünü bildirən Ülkər Talıbzadə bu cür layihələrin böyük ədiblərin irsinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirin bədii hissəsində 3 nömrəli UGİM-in “Çiçəyim” uşaq teatrının dərnək üzvləri Abdulla Şaiqin yaradıcılığından nümunələr təqdim ediblər. Uşaqlar “Tülkü həccə gedir”, “Həpimiz bir günəşin zərrəsiyik”, “Altın oğlu”, “Lay-lay”, “Ana” və “A gülüm” əsərlərini səsləndirib,“Tıq-tıq xanım” kompozisiyasını təqdim ediblər.

Tədbir çərçivəsində Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Abdulla Şaiqin 145 illiyi münasibətilə tərtib edilmiş elektron məlumat bazasının təqdimatı olub. Ədibin zəngin yaradıcılıq irsini sistemli və əlçatan formada müxtəlif başlıqlar altında təqdim edən elektron topluya ümimilikdə 675 resurs daxil edilib.

“Söz dünyasına səyahət” tədbirinin əsas məqsədi Abdulla Şaiqin zəngin ədəbi irsinin təbliğinə, uşaqlarda mütaliə mədəniyyətinin və milli ədəbiyyata marağın artırılmasına, ədibin yaradıcılığının böyüməkdə olan nəslə müasir formatda təqdimatına töhfə vermək olub.