Akademik Milli Dram Teatrında İnqmar Berqmanın “Payız sonatası” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Bu barədə Akademik Milli Dram Teatrından bildirilib.

Teatrın kiçik səhnəsində (Abbas Mirzə Şərifzadə adına səhnə) nümayiş üçün hazırlanan tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Vüsal Rəhimov, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Rafael Həsənov, plastik həlli Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, yeni səhnə işinin uğurlu olmasını arzulayıb.

Tamaşada Xalq artisti Zemfira Nərimanova, Əməkdar artistlər Məsmə Aslanqızı və Elşən Rüstəmov rol alıblar.

Hər bir ailə gizli bir məbəd kimidir – bəzən duaların oxunduğu, bəzən isə ən ağır günahların sakitcə divarlara hopduğu bir məkan. Bu malikanə əslində yeddiillik bir sükutun və içdə böyüdülən nifrətin partlayış poliqonudur. Dünyada məşhur pianoçu, sənətin və eşqin zirvəsində dayanan ana ilə onun kölgəsində böyüyən, sevgisizlikdən vaxtsız qocalan qızı illər sonra eyni damın altında üz-üzə gəlir.

Lakin bu görüş bir qucaqlaşma deyil, iki fərqli dünyanın qanlı toqquşmasıdır. Böyük sənət yaratmaq üçün insan öz doğmalarının ruhunu qurban verməlidirmi? Sənətkar eqoizmi harada bitir, ana vicdanı haradan başlayır?

Evin hər küncündə, iflic vəziyyətdə dilsiz bir əzab kimi yaşayan o biri qız isə bu ailənin gizli qalmış simvoludur. O, ananın şüuraltı vicdan əzabı, bacısının isə içindəki dilsiz ağrının plastik və vizual təcəssümüdür. Hər şeyi kənardan sakit şəkildə izləyən kişinin neytral mövqeyi isə bu dünyanın səssiz çığırtısına çevrilir.

Əsər bir-birinə toxuna bilməyən, bir-birini bağışlaya bilməyən insanların tragik çarəsizliyini ifadə edir. "Ananın bətnində başlayan o zəncir heç vaxt qırılmır... Ananın bədbəxtliyi qızın bədbəxtliyinə çevrilir”.

Tamaşa hər kəsi öz daxili məhkəməsinə və ruhunun ən qaranlıq otaqlarına baxmağa dəvət edir.