Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur neft milyonçusu, xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Mesenat” (müəllif: Əməkdar incəsənət xadimi Əli Əmirli) tamaşasının növbəti nümayişi uğurla gerçəkləşib.

Mayın 17-də təqdim olunan səhnə əsərinin tamaşaçıları arasında xüsusi qonaqlar – Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev (qızı Sürəyyanın nəvəsi), eləcə də Tağıyev dövrünün başqa bir məşhur neft milyonçusu Ağamusa Nağıyevin nəvəsi, “Ağamusa Nağıyev adına Milli Dəyərlərin Qorunması İctimai Birliyi"nin sədri Dilarə Nağıyeva da olub.`

Bu barədə teatrdan məlumat verilib.

Tamaşaya maraqla baxan Nazim Abdullayev ulu babasının irsinin təbliği və yaşadılması baxımından səhnə əsərinin böyük əhəmiyyəti daşıdığını vurğulayaraq teatr kollektivinə minnətdarlığını bildirib.

Dilarə Nağıyeva isə yaradıcı heyətə təşəkkür əlaməti olaraq əsərin müəllifi Əli Əmirliyə və quruluşçu rejissor Samir Qulamova, həmçinin Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev və Liza Nağıyeva obrazlarını canlandıran aktyorlar – İbrahim Əlizadə, Əməkdar artist Çingiz Əhmədov və Gülnarə Əzizovaya ictimai birliyin “Ağamusa zirvəsi” diplomunu təqdim edib.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamov, bəstəkarı Əli Əliyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Məlahət Qasımova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri gənc pianoçu, Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Çimnaz Bağırovadır.

Tamaşanın budəfəki nümayişində Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, Nadir Xasiyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, aktyorlar İbrahim Əlizadə, Türkel Tariqpeyma, Faiq Mirzəyev, Gülnarə Abdullayeva, Gülarə Əzizova, Şaban Cəfərov, Emin Zeynallı, Ayan Qurbanova, Firuzə Cəfərova, İranə Kərimova, Ruslan Mürsəlov, Nəzrin İsmayılzadə, Əli Kərimov, Murad Əliyev, Nahid İsgəndərzadə, Kamil Cəfərov, Tural Məsimov, Cəlal İsayev və Həmid Həmzəyev, həmçinin teatrın xor və balet artistləri də çıxış ediblər.