Bakı Dövlət Universitetinin Qazax Filialının tarix ixtisası üzrə təhsil alan IV kurs tələbələri elmi təcrübə proqramı çərçivəsində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki zəngin arxeoloji və tarixi irs ilə tanış olublar.
Qoruqdan bildirilib ki, tələbələrin ilk dayanacağı regionun ən mühüm arxeoloji məkanlarından sayılan "Kurqanlar vadisi" olub. Burada onlar minilliklərin şahidi olan qədim kurqanları müşahidə edib, qazıntılar zamanı üzə çıxarılan maddi-mədəniyyət nümunələri barədə geniş məlumat alıblar. Qoruq əməkdaşları qeyd ediblər ki, bu kurqanlar qədim insanların həyat tərzi, dəfn ayinləri, inancları və sosial münasibətlərini öyrənmək üçün elmi mənbədir.
Tələbələrə arxeoloji qazıntıların metodikası, tapıntıların qeydiyyatı, bərpası və qorunması istiqamətində görülən işlər ətraflı şəkildə izah olunub. Vurğulanıb ki, bu cür sahə tədqiqatları auditoriyada qazanılan nəzəri biliklərin real tarixi mühitdə tətbiqinə və tələbələrin elmi vərdişlərinin formalaşmasına birbaşa töhfə verir.
Elmi səfərin növbəti mərhələsində tələbələr "İlham Əliyev adına zirvə" istiqamətində yerləşən qədim mağara komplekslərini ziyarət ediblər. Qayalıqlarda qorunan freskalar (divar rəsmləri), qədim su quyuları, ərzaq anbarları və yaşayış izləri gənclərin böyük marağına səbəb olub. Əsrlər boyu həm sığınacaq, həm də ibadətgah rolunu oynamış bu mağaraların regionun qədim mədəniyyət tarixini əks etdirən unikal abidələr olduğu diqqətə çatdırılıb.
Praktika müddətində tələbələr diplom işləri üçün vacib qeydlər aparıb, abidələr üzərində vizual müşahidələr keçirib və ilkin tədqiqat materialları toplayıblar.
Sonda qeyd olunub ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu sadəcə bir ekskursiya məkanı deyil, həm də açıq səma altında fəaliyyət göstərən canlı elmi-tədris platformasıdır. Bu cür praktiki məşğələlər gənclərin tarixə, arxeologiyaya və milli-mədəni irsimizə olan bağlılığını daha da gücləndirir.






















