Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində (Daşkənd) keçirilən beynəlxalq elmi konfransın plenar iclasında məruzə ilə çıxış edib.

İnstitutdan bildirilib ki, konfrans özbək cədidçilik hərəkatının görkəmli nümayəndələrindən olan Əbdürrauf Fitrətin anadan olmasının 140 illiyinə həsr edilib. “Professor Əbdürrauf Fitrətin ədəbi-elmi və ictimai-siyasi fəaliyyəti dünya cədidşünaslığı kontekstində” mövzulu konfransın plenar və bölmə iclaslarında 50-dən çox elmi məruzə dinlənilib.

Filologiya elmləri doktoru Mehman Həsənli uzun illərdir XX əsrin əvvəlləri özbək cədidçiliyi və Əbdürrauf Fitrətin yaradıcılığı ilə bağlı elmi araşdırmalar aparır. Alimin bu istiqamətdə elmi məqalələri müxtəlif akademik nəşrlərdə dərc olunub. Ötən il onun “Əbdürrauf Fitrət və özbək cədidçiliyi” adlı elmi monoqrafiyası nəşr olunub. Beynəlxalq konfrans çərçivəsində sözügedən monoqrafiya təqdim edilib.