Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün (1881-1938) 145 illiyi münasibətilə elektron vəsait hazırlanıb.

Kitabxanadan bildirilib ki, “Müasir Cümhuriyyətin memarı” adlı vəsait müasir texnologiyaların imkanlarından istifadə olunaraq süni intellekt vasitəsilə ərsəyə gətirilib.

Elektron vəsaitdə Mustafa Kamal Atatürkün keçdiyi şərəfli həyat yolu, Türkiyə Cümhuriyyətinin qurulması istiqamətində həyata keçirdiyi tarixi islahatlar, dövlətçilik ənənələrinin formalaşdırılması sahəsində gördüyü mühüm işlər geniş şəkildə işıqlandırılıb. Atatürkün siyasi fəaliyyəti, milli mübarizə dövründə göstərdiyi liderlik keyfiyyətləri, elmə, təhsilə və dünyəvi dəyərlərə verdiyi önəm məlumatlandırıcı formada təqdim olunub.

Kitabxanada hazırlanan daha bir elektron vəsait görkəmli qazax yazıçısı, ictimai xadim Oljas Süleymenovun 90 illik yubileyinə həsr olunub.

“Düşüncənin İpək Yolu” adlı elektron vəsait Oljas Süleymenovun mənalı həyat yoluna və zəngin yaradıcılığına həsr edilib. Bu vəsaitin hazırlanmasında da süni intellektdən istifadə olunub.

Materialda Oljas Süleymenovun ədəbi-bədii irsi, ictimai-siyasi fəaliyyəti, türk xalqlarının mənəvi birliyinə verdiyi töhfələr  əks olunub, yazıçının əsərlərində milli yaddaş, tarixi kimlik və humanist ideyaların təcəssümü xüsusi vurğulanıb.

Respublika Gənclər Kitabxanası bundan sonra da milli-mədəni irsin təbliği, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin geniş auditoriyaya çatdırılması və müasir texnologiyaların kitabxana-informasiya sahəsində tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək.

“Müasir Cümhuriyyətin memarı” və “Düşüncənin İpək Yolu” adlı vəsaitlər kitabxananın saytında (https://www.ryl.az/electronic-services/AI_kitab_teqdimatlari) yerləşdirilib.