Mayın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən "Baş" tamaşasının növbəti nümayişi olub.
Teatrdan bildirilib ki, tamaşanın nümayişi görkəmıli ədib, dövlət xadimi Elçin Əfəndiyevin (1943-2025) anadan olmasının 83-cü ildönümünə həsr edilib.
Bildirilib ki, tədbirdə rəsmilər, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tamaşadan öncə Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə çıxış edərək görkəmli yazıçının Azərbaycanın ictimai-siyasi həyatında, milli mədəniyyəti və ədəbiyyatında əvəzsiz xidmətlərindən bəhs edib. Vurğulanb ki, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin ənənələrini davam etdirən Elçinin müxtəlif illərdə yazdığı əsərlərin həm yerli, həm də ölkə xaricində teatrlarda uğurlu nümayiş olunur, bütün dövrlər üçün aktualdır: "Elçinin 90-cı illərdə yazdığı trilogiya “Ah, Paris, Paris”, “Mənim ərim dəlidir”, “Diaqnoz D” möhtəşəm komediyalar idi. Elçinin komediyalarındakı gülüş dramaturgiyanın inkişafına yol açdı, Azərbaycan dramaturgiyası tamamilə yeni mərhələyə qədəm qoydu".
Elçinin bir sıra tamaşalarına quruluş verən Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə onun milli teatr prosesində əvəzsiz xidmətlərindən danışaraq, müəlliflə son yaradıcılıq işləri olan "Baş" tamaşasının ərsəyə gəlməsindən bəhs edib.
Sonra tamaşa təqdim edilib.
“Baş” tamaşasının quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.
Tamaşada Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Vəfa Rzayeva, Elnar Qarayev, Anar Heybətov, Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Rüstəmov, Mətləb Abdullayev, Ayşad Məmmədov, aktyorlar Elçin Əfəndi, Rüstəm Rüstəmov, Cümşüd Zeynalov, Cavidan Novruz, Tural İbrahimov, Nəzrin Abdullayeva, Günəş Təkin, Vüsal Mustafayev, Lalə Süleymanova, Ləman İmanova, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Kənan Hüseynov, Muhuma Sahov, Rəvan Səmədov və Rüfət Əhmədov çıxış ediblər.
"Baş” XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Tamaşanın süjetini Bakıda Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr təşkil edir. Sisianovun başının “səyahəti” geniş bir coğrafiyada - Azərbaycan xanlıqlarında, Gürcüstan çarlıq və knyazlıqlarında, Rusiyada, Qacarlar səltənətində cərəyan edən hadisələri, insan xarakterlərini göstərir.
Qeyd edək ki, “Baş” romanı rus, ingilis, türk, Ukrayna, italyan, rumın, ərəb, alman dillərinə tərcümə edilib.
Akademik Milli Dram Teatrında “Baş” tamaşasının premyerası yazıçının vəfatından sonra, 2025-ci il sentyabrın 26-da keçirilib.
























