Mayın 13-də Abdulla Şaiqin Mənzil-Muzeyində “Həpimiz bir günəşin zərrəsiyiz” adlı tədbir keçirilib.
Tədbir Beynəlxalq Muzeylər Şurası (International Council of Museums – ICOM) tərəfindən 18 may – Beynəlxalq Muzeylər Gününün 2026-cı il üçün təsdiq edilmiş “Parçalanmış dünyanı muzeylər birləşdirir” şüarı çərçivəsində təşkil olunub.
Muzeydən bildirilib ki, tədbirin əsas məqsədi müxtəlif xalqlar, mədəniyyətlər və insanlar arasında həmrəyliyin, qarşılıqlı anlayışın və bərabərliyin təbliğidir. Bu il diqqət “Bərabərsizliyin azaldılması: Ölkələr daxilində və ölkələr arasında bərabərsizliyin azaldılması” mövzusuna ayrılıb.
Abdulla Şaiqin “Həpimiz bir günəşin zərrəsiyiz” şeirində ifadə olunan humanist ideyalar tədbirin şüarı ilə səsləşərək insanları birliyə, tolerantlığa və qarşılıqlı dəstəyə səsləyir. Şairin fikrində olduğu kimi, irqi, milli və dini fərqliliklərə baxmayaraq insanların mehribanlıq və həmrəylik şəraitində yaşaması cəmiyyətin ən mühüm dəyərlərindən biridir.
Tədbirdə Bakı şəhəri 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin “Çiçəyim” uşaq teatrının kollektivi və valideynlər iştirak ediblər. İstedadlı yeniyetmələr Abdulla Şaiq yaradıcılığına müraciət edərək şeirlər söyləyiblər. İştirakçılar tədbirin ideyasını özündə əks etdirən “Həpimiz bir günəşin zərrəsiyiz” şeiri ilə yanaşı, ədibin digər şeirləri də rəğbətlə dinləyiblər.
“Çiçəyim” uşaq teatrı muzey rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunub.
Tədbir çərçivəsində nümayiş olunan slayd-şouda Abdulla Şaiqin uşaqlara ünvanlanan maarifçi fikirlərinə yer verilib. Slayd-şouda şairin uşaqlara “Yaxşı oxuyun, dərslərinizi öyrənin, yalnız bu yolla cəmiyyətə və Vətənə layiqli vətəndaş olmaq mümkündür” məzmunlu müraciəti iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu çağırış gənc nəslin elmə, biliyə və vətənpərvərlik ruhuna bağlı yetişməsinin vacibliyini bir daha vurğulayır.
Tədbir cəmiyyətlər arasında dialoqu, mədəni yaxınlaşmanı və sosial bərabərliyi təşviq edən, Beynəlxalq Muzeylər Gününün “Parçalanmış dünyanı muzeylər birləşdirir” şüarının mahiyyətini əks etdirən əlamətdar mədəni hadisə kimi yadda qalıb.
Sonda qonaqlar ekspozisiya ilə yaxından tanış olub, xatirə şəkilləri çəkdiriblər.



















