Muzeylər XXI əsrdə qlobal iqtisadiyyat və ətraf mühit sahəsində baş verən yeniləşmələrin qarşılıqlı kəsişmə nöqtəsindədir. Onlar mədəniyyətin qorunduğu, tarixi irsin mühafizə olunduğu məkanlardır. Muzeylərdə tarixi eksponatlar köhnəlik nümunəsi deyil, əksinə, keçmiş, müasirlik və gələcək arasında bir körpü, milli-mənəvi dəyərlərin saxlanc mənbəyidir.
Hər il 18 may tarixi dünya mədəni ictimaiyyəti tərəfindən “Beynəlxalq Muzeylər Günü” kimi qeyd olunur. Bu gün 1977-ci ildə UNESCO nəzdində Beynəlxalq Muzeylər Şurası (International Council of Museums – ICOM) tərəfindən təsis olunub. Həmin gün muzeylərdə “açıq qapı” elan edilir və hər bir kəsin muzey ziyarətçisi olmaq imkanı yaranır.
Dünya muzeylərinin fəaliyyətini əlaqələndirmək üçün Beynəlxalq Muzeylər Şurasının milli komitələri fəaliyyət göstərir. 1993-cü ildə Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin də təsis edilməsi və komitənin ICOM üzvlüyünə qəbul edilməsi muzeylərimizin həyatında baş vermiş əlamətdar hadisədir.
Ənənəvi olaraq hər il Beynəlxalq Muzeylər Günü müəyyən bir deviz altında qeyd olunur. 2026-cı il üçün “Muzeylər bölünmüş dünyanı birləşdirir” devizi seçilib.
Muzeylər özlüyündə bir tarix və bu tarixi qoruyan, yaşadan müəssisələr kimi cəmiyyətin maariflənməsində, gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Bu isə muzeylərin fəaliyyətinin cəmiyyətin tələblərinə müvafiq qurulmasına, maddi və qeyri-maddi mədəni irsin qorunub saxlanılması və təbliğində cəmiyyətin funksiyasının genişləndirilməsinə xidmət edir.
Azərbaycanda muzey işi böyük inkişaf yolu keçmiş, o cümlədən görkəmli dövlət, ədəbiyyat və incəsənət xadimlərinin ev-muzeyləri və xatirə muzeylərinin geniş şəbəkəsi yaradılmışdır. Respublikamızda ilk belə muzey 1938-ci ildə Şəki şəhərində M.F.Axundovun evində açılmışdır.
Böyük şəxsiyyətlər heç zaman unudulmur, yaddaşlardan silinmir. Muzeylər bu yaddaşın daha da möhkəmlənməsini, gələcək nəslə layiqincə ötürülməsini təmin edir. Bu baxımdan Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyini də qeyd etmək yerinə düşər.
1975-ci il 20 noyabr tarixində respublikanın rəhbəri, o zaman Azərbaycan Kommunist Partiyasının 1-ci katibi vəzifəsində çalışan Heydər Əliyevin yaxından dəstəyi nəticəsində Bakıda, Şamil Əzizbəyov küçəsi 67 ünvanında – Üzeyir Hacıbəylinin 1915-1942-ci illərdə yaşadığı evdə – muzey təşkil olundu.
Dahi bəstəkarın mənalı və zəngin həyat yolunu böyük məhəbbətlə əks etdirən ev-muzeyi də, bütün muzeylər kimi, mayın 18-də “açıq qapı” aksiyası keçirəcək. Ümidvarıq ki, bu, muzeyə gələnlər üçün maraqlı, mənalı və unudulmaz bir günə çevriləcək. Gəlin, muzeylərə biganə yanaşmayaq, onların fəal ziyarətçisi olaq. Azərbaycanda fəaliyyət göstərən bütün muzeylərin əməkdaşlarını qarşıdan gələn Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik edir, hər kəsə işlərində uğurlar arzulayırıq.
Bəyim Dadaşova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin kiçik elmi işçisi






















