Mayın 12-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında unudulmaz bəstəkar Qəmbər Hüseynlinin (1916–1961) 110 illiyinə həsr olunan elmi seminar keçirilib.
Uşaq Filarmoniyasından verilən məlumata görə, “Əbədiyaşar nəğmələr müəllifi: Qəmbər Hüseynli – 110” adlı seminar bəstəkarın yaradıcılıq irsini dərindən araşdırmaq, əsərlərini müxtəlif aspektlərdən tədqiq edərək onun milli musiqi tarixindəki rolunun elmi əsaslarla dəyərləndirmək məqsədilə təşkil edilib.
Yaradıcılıq ömrünə müxtəlif həcm və janrda 300-dən çox əsər sığdıran Qəmbər Hüseynli opera, mahnılar, romans, simli kvartet, fortepiano üçün pyeslər, teatr tamaşalarına musiqi yazaraq Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayıb. Bu əsərlər sırasında özünəməxsus məzmun və musiqi dilinin xüsusiyyətləri ilə fərqlənən uşaq mahnıları mühüm yer tutur. Qəmbər Hüseynli “Cücələrim” mahnısı ilə sağlığında özünə abidə ucaldıb. Dünyanın yüzdən çox xalqının dilinə tərcümə olunan “Cücələrim” əsl sənət incisinə çevrilərək Azərbaycanı dünyada tanıdıb.
Elmi seminarı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, beynəlxalq və respublika müsabiqələri laureatı Səidə Tağı-zadə açıb. O, qonaqları salamlayaraq, belə bir tədbirin məhz Uşaq Filarmoniyasında keçirilməsindən məmnunluğunu vurğulayıb.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə bəstəkarın yaradıcılığına nəzər salıb, laboratoriyanın ərsəyə gətirdiyi işlərdən söhbət açıb.
Elmi seminarın məruzəçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı bəstəkarın yaradıcılığından ətraflı bəhs edərək, onun musiqi üslubunu və sənət dünyasını maraqlı faktlar və təhlillərlə diqqətə çatdırıb.
Pedaqogika elmləri doktoru, professor Vidadi Xəlilov bəstəkar haqqında xatirələrini danışıb, Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova bəstəkarın yaradıcılıq irsindən bəhs edib, Rauf Hüseynli bəstəkarın əsərlərinin yeni nəşrindən söz açıb.
Seminarda Dövlət Uşaq Filarmoniyasının solisti Əsgərova Mələkxanım (müəllimlər Mehdiyeva Qönçə, Niftəliyev Elbrus), Mirnofəl Həsənov, vokal sinfinin şagirdləri Bayramlı Ayan, Dilbər Rəfi, Aslanzadə Məryəm (müəllim Aslanova Leyla), “Şəms” uşaq xoru (bədii rəhbər Muradzadə Leyla), Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdləri Təranə Əliyeva, Quluzadə Nilay bəstəkarın bir-birindən maraqlı, dillər əzbəri olan mahnılarını ifa ediblər.
























