Mayın 8-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş elmi sessiya keçirilib.
Tədbirdə muzeyin direktoru akademik Rafael Hüseynov “Hər yeni günlə müasir” adlı məruzə ilə çıxış edib. Akademik bildirib ki, Azərbaycan Respublikasını həm sovet dönəmində 14 il, həm də müstəqillik illərində 10 il idarə etmiş Heydər Əliyev öz xalqının və yurdunun tarixində silinməz izlər qoyub.
Rafael Hüseynov Ümummilli liderin Azərbaycanın görkəmli şəxsiyyətlərinə verdiyi dəyər, klassik irsə qayğısı barədə də danışıb. O, dahi rəhbər Heydər Əliyevin tariximizin əvəzsiz, nadir şəxsiyyətlərindən biri olduğunu deyib. Alim vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılmasında, mədəniyyətimizin inkişafında tarixi xidmətləri olub. Ulu öndərin bütün xidmətlərinin fövqündə həmişə istiqlalımızı qorumaq, yaşatmaq, onu dönməz, əbədi etmək dayanıb.
Daha sonra muzeyin digər əməkdaşları məruzələrlə çıxış ediblər.
Filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Heydər Əliyev ideologiyasında ana dili və milli kimlik” məruzəsində Ulu öndərin dil siyasəti və milli-mədəni irsin qorunması istiqamətlərində həyata keçirdiyi tarixi xidmətlərdən bəhs edib.
Filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu Heydər Əliyevin bədii ədəbiyyatda yaradılmış obrazlarını araşdıraraq şair, dramaturq Hidayət Orucovun “Burdan min atlı keçdi” pyesini təhlilə cəlb edib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova “Azərbaycanın muzey quruculuğunda Heydər Əliyevin rolu” məruzəsi ilə çıxış edib. Qeyd edib ki, Heydər Əliyevin muzeyşünaslıq sahəsi üzrə imzaladığı qərarlarda elmi-tədqiqat işlərinin aparılması, ekspozisiyaların yenidən qurulması və təkmilləşdirilməsi, xarici ölkələrdə sərgilərin təşkili məsələləri xüsusi yer alıb.























