Xəbər verdiyimiz kimi, 8-11 may tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə “Şərqin qapısı” Teatr Festivalı keçirilir.

Festival Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü və Naxçıvanda peşəkar teatrının yaranmasının 143-cü ildönümünə həsr edilib.

Mayın 8-də festivalın açılış mərasimindən öncə iştirakçılar Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Açılış mərasimində çıxış edən Naxçıvan MR mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Həsən Seyidov Ulu Öndər Heydər Əliyevin teatr və ümumilikdə milli mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və mədəniyyətimizin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət mədəniyyət və incəsənət xadimlərinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.

Qeyd olunub ki, 2026-cı il mayın 7-də imzalanan sərəncamlarla bir qrup incəsənət xadiminə Prezidentin fərdi təqaüdü və mükafatlarının təqdim edilməsi sənət adamlarına verilən yüksək dəyərin növbəti təzahürüdür. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət nümayəndələrinin də yer alması xüsusi vurğulanıb.

Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərov çıxışında festivalın Naxçıvan teatr mühiti üçün əhəmiyyətindən danışaraq, tədbirin teatrlararası yaradıcılıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Mərasimin bədii hissəsində festival üçün xüsusi hazırlanmış “Naxçıvan təranələri” və “Şərqin qapısı” mahnıları teatrın gənc aktyorları Seyfəddin Məmmədli, Ləman Vəlizadə və Şəbnəm Qaybalıyeva tərəfindən ifa olunub.

Tədbirin davamında Naxçıvan teatrının aktyorlarının təqdimatında “Şüuraltı kölgələr” tamaşasından bir parça nümayiş etdirilib.

Açılış mərasimindən sonra Naxçıvan teatrının səhnəsində Azərbaycan Dövlət Pantomima Teatrının təqdimatında N.V.Qoqolun “Şinel” əsəri əsasında hazırlanmış tamaşa göstərilib.

9 may tarixində festivalın proqramına “Pantomima: aktyor sənətinin tərkib hissəsi kimi” mövzusunda ustad dərsi (Pantomima teatrının rejissoru Ceyhun Dadaşov), “Teatr marketinqi – XXI əsr” mövzusunda panel, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının təqdimatında M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasının nümayişi daxildir.