Tanınmış rejissor Fariz Əhmədovun “Sükut içində addımlar” adlı tammetrajlı sənədli filmi 66-cı Krakov Film Festivalının (KFF) əsas müsabiqəsində dünya premyerasını edəcək.
1961-ci ildən Polşanın Krakov şəhərində təşkil ediklən festival, Avropanın uzunömürlü kino tədbirlərindən biri olmaqla yanaşı, həm “Oskar” mükafatına, həm də Avropa Film Akademiyasına namizədlik üçün kvalifikasiya imkanı yaradır.
Azərbaycan Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, “Drygas Film Production” və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunan “Sükut içində addımlar” filmi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesini əks etdirir. Minaxtarma fəaliyyəti “ikinci müharibə” və ya bəzən “gizli müharibə” adlanır, çünki təhlükə hər yerdə ola bilər, lakin görünməzdir.
Ekran əsərinin qəhrəmanları qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur. Kamera onların gündəlik fəaliyyətini izləyərək göstərir ki, bu qadınlar son dərəcə riskli və məsuliyyətli işlə məşğul olsa da, eyni zamanda incə və həssas duyğulara malikdirlər.
Film Azərbaycan qadınını yalnız zərif obrazda təqdim etmir. Onlar həm “gizli müharibə”nin iştirakçıları, həm qayğıkeş analar, həm də zərif və baxımlı qadınlar kimi təsvir olunurlar. Onların gündəlik həyatında texniki siqnallar, təhlükə, iradə, kövrəklik, güc, ölüm və qalım mövzuları sükutun fonunda tamaşaçıya təsirli şəkildə çatdırılır. Bu, bir qadın minaaxtaranın hekayəsidir.
Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.
Filmin KFF-də dünya premyerası Azərbaycanın sənədli kino ənənələrini təqdim etmək, eyni zamanda qadın qəhrəmanların cəsarətini kino dili ilə nümayiş etdirmək baxımından əhəmiyyət kəsb edir.
66-cı Krakov Film Festivalı 31 may – 7 iyun tarixlərində keçiriləcək.
“Sükut içində addımlar” filminin treyleri ilə bu linkdə tanış olmaq mümkündür.



















