Mədəniyyət Nazirliyi və “Ədibin Evi” (yazıçı Mir Cəlalın ev-muzeyi) 14-17 yaşlı gənclər arasında “Mənim qəhrəmanım” adlı milli komiks kitabı müsabiqəsi elan edib.

Müsabiqənin əsas məqsədi məktəbliləri komiks və qrafik hekayəçilik sahəsində yaradıcılığa təşviq etmək, onların bədii təfəkkürünü və vizual savadlılığını inkişaf etdirməkdir.

Təqdim olunan işlər Azərbaycan dilində, emosional təsirə malik, animasiya üçün potensialı olan, minimum 8 – maksimum 20 səhifə həcmində, yeni, orijinal və yaradıcı qəhrəman obrazını ifadə edən qrafik hekayə olmalıdır.

Müsabiqədə fərdi qaydada və ya iki nəfərlik komanda (ssenari müəllifi və rəssam) şəklində iştirak mümkündür.

İşlərin qəbulu 2026-cı ilin 1 may - 1 sentyabr tarixlərini əhatə edəcək. İştirakçılar öz əsərlərini ad, soyad və əlaqə məlumatları ilə birlikdə PDF formatında edibinevi@gmail.com elektron poçt ünvanına göndərməlidirlər.

Münsiflər heyəti Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin ekspertlərindən ibarət olacaq.

Qalibləri mükafatlar və işlərdən birinin qısa animasiya filminə çevrilməsi imkanı gözləyir.

Bu il dövlət başçısı tərəfindən imzalanan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının tətbiqi tədbirləri çərçivəsində elan edilən müsabiqədə gənclər komiks və qrafik hekayəçilik üslubunda mədəni məzmun yaratmağa təşviq edilir. Mətn və təsvirin sintezi bədii təfəkkürü və vizual savadlılığı inkişaf etdirir. “Mənim qəhrəmanım” milli komiks kitabı müsabiqəsi gənclərə öz həyatlarında, tarixdə, ailədə və ya xəyallarında gördükləri qəhrəman obrazını yaradıcı şəkildə təqdim etmək imkanı verir. Hekayə müəllifin şəxsi baxışını və yaradıcılığını əks etdirməlidir.