Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare və bu ölkənin Yassı şəhərindəki Petre Andrei Universitetinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
Bu barədə ADU-dan məlumat verilib.
ADU-nun rektoru akademik Kamal Abdulla qonaqlarla görüşdə Azərbaycan ilə Rumıniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Qeyd olunub ki, bu münasibətlər özünü iqtisadi, mədəni, humanitar sahələrdə də göstərməkdədir. Rumıniyanın ən qədim universiteti olan Aleksandr İohan Kuzi adına Yassı Universitetində "Azərbaycan multikulturalizm mərkəzi" fəaliyyət göstərir. Rumıniyanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıqdan danışan rektor bildirib ki, bu əməkdaşlıq elm, mədəniyyət və təhsil sahəsində uğurla davam edir, universitet gələcəkdə əlaqələrin daha da genişlənməsində maraqlıdır.
Rumıniya səfiri ADU ilə əlaqələrin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ölkələr arasında elmi, mədəni əlaqələrin inkişafı istiqamətində bir sıra mühüm işlər görülür.
Petre Andrei Universitetinin rektoru Sorin Bokança diqqətə çatdırıb ki, bu görüş əməkdaşlığın başlanğıcı üçün vacib addımdır. Ötən il Petre Andrei Universitetində tarix, mədəniyyət və siyasəti əks etdirən “Polis” elmi jurnalının Azərbaycana həsr olunmuş xüsusi nəşrinin təqdimatı keçirilib. “Bizim gələcəklə bağlı müxtəlif istiqamətli planlarımız böyükdür. Azərbaycan Dillər Universiteti ilə münasibətlərimizin geniş müstəvidə inkişafı prioritet istiqamətdir”, - deyən rektor ADU nümayəndələrini may ayında keçiriləcək beynəlxalq konfransa dəvət edib.
Görüş zamanı birgə elmi layihələrin, müəllim-tələbə mübadilə proqramlarının həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.






















