Müasir dövrdə milli-mədəni dəyərlərin beynəlxalq müstəvidə təqdimatı incəsənətin ən mühüm missiyalarından biridir. Bu prosesdə sərgilər mədəni dialoqun formalaşmasında xüsusi rol oynayır. 22–23 mart 2026-cı il tarixlərində İtaliyanın Cassine şəhərində (Alessandria əyaləti) XVII əsrə aid tarixi “Palazzo Mandrilli” binasında fəaliyyət göstərən “Sən1Sən” Beyin Mərkəzinin qalereyasında keçirilən Novruz festivalı da bu missiyanı özündə ehtiva edən mədəni hadisə kimi diqqət çəkir.
Azərbaycanın milli bayramı olan Novruzun beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyan festival Azərbaycan Diasporuna Dəstək Fondunun texniki dəstəyi ilə təşkil edilib. Layihənin əsas məqsədi İtaliya ictimaiyyətini Novruzun fəlsəfəsi, onun mənəvi-ruhani mahiyyəti və Azərbaycan incəsənətinin zəngin ənənələri ilə tanış etmək olub.
Festivalın açılış mərasimində Cassine şəhərinin meri Carlo Felice Maccario, İtaliya-Azərbaycan Ticarət Palatasının Milan ofisinin rəhbəri İrina Qalimova, “Sən1Sən” Beyin Mərkəzinin təsisçisi Fəridə Quluzadə, Azərbaycan və Türkiyə diaspora nümayəndələri iştirak ediblər.
Çıxışlarda Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrin inkişafı, incəsənətin xalqları birləşdirən universal dil olması və Novruzun humanist dəyərləri xüsusi vurğulanıb.
Novruz festivalı çərçivəsində təşkil olunan sərgilər öz konseptual yanaşması və tematik müxtəlifliyi ilə seçilib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin əsərlərindən ibarət olan “Kontrast”, “Sabahın izləri” və “İşığa doğru” adlı sərgiləri müasir Azərbaycan təsviri sənətinin ideya-estetik axtarışlarını nümayiş etdirib. Bu sərgilərdə təqdim olunan əsərlər rəng, forma və kompozisiya həllində fərdi yaradıcılıq üslublarını əks etdirməklə yanaşı, milli-mədəni və çağdaş bədii düşüncə arasında harmoniyanı əks etdirib.
Festival çərçivəsində keçirilən “NovruzFest” və “Sərhədsiz rənglər” adlı qrup sərgiləri isə uşaq rəssamların və açıq çağırış əsasında seçilmiş azərbaycanlı sənətkarların yaradıcılıq nümunələrini əhatə edib. İncəsənətin yaş və coğrafi sərhədlər tanımadığını, bədii düşüncənin universallığını və Novruzun birləşdirici ruhunu nümayiş etdirən sərgilər uşaq yaradıcılığında müşahidə olunan saflıq duyğuları, rənglərin əlvanlığı və mövzuya yanaşmanın səmimiliyi ilə festivalın ümumi atmosferinə xüsusi dinamika qatıb.
Palazzo Mandrilli qalereyasının artıq 19-cu dəfə Azərbaycan incəsənətinə həsr olunmuş sərgiyə ev sahibliyi etməsi Piemont regionunda mədəni əməkdaşlığın davamlı xarakter aldığını göstərir. Bu məkan tədricən İtaliya ilə Azərbaycan arasında incəsənət körpüsünə çevrilərək, mədəni diplomatiyanın effektiv platforması kimi fəaliyyət göstərməkdədir. Burada təşkil olunan sərgilər yalnız bədii təqdimat deyil, həm də milli dəyərlərin Avropa məkanında təbliği, qarşılıqlı anlaşma və mədəni inteqrasiyanın inkişafına xidmət edir.
Novruz festivalı bir daha sübut etdi ki, incəsənət xalqları birləşdirən, mədəni sərhədləri aradan qaldıran və milli kimliyi qlobal müstəvidə təqdim edən ən təsirli vasitələrdən biridir. Bu cür layihələr mədəniyyətlərarası dialoqu gücləndirməklə, Azərbaycan incəsənətinin bütün dünyada layiqli yer tutmasına xidmət edir və gələcək beynəlxalq sərgilər üçün əlavə zəmin yaradır.
Ziyarət Cabarova Qəhrəmanova
sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi























