Xalqımızın qan yaddaşı – 1918-ci ildə erməni-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımının 108-ci ildönümü ənənəvi olaraq Quba Soyqırımı Memorial Kompleksində kütləvi ziyarətlərlə yad edilir.

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı memorial kompleksi ziyarət edənlər arasında rəsmilər, Milli Məclisin deputatları, müxtəlif idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, sıravi vətəndaşlar, eləcə də xarici vətəndaşlar var.

Memorial kompleksdə Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi təşkil olunub.

Ziyarətçilər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılır. Kompleksdə bələdçilər tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) soyqırımı haqqında informasiyalar verilir.

Quba Soyqırımı Memorial Kompleksi fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1,25 milyondan çox ziyarətçi qəbul edib. Onların 200 minə yaxını əcnəbilərdir.