Novruz bayramı münasibətilə martın 17-də Şəki şəhərində ümumşəhər tədbiri təşkil edilib. Bayram şənliyi Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Şəki Yuxarı Baş Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə qoruğun ərazisində keçirilib.
Şəki-Zaqatala RMİ-dən verilən məlumata görə, tədbirdə Novruz bayramının Azərbaycan xalqının zəngin milli-mənəvi irsinin ayrılmaz tərkib hissəsi olduğu, əsrlər boyu xalqımızın birlik, həmrəylik və yenilənmə dəyərlərini yaşatdığı vurğulanıb.
Ümumşəhər şənliyində bayram tonqalı qalanıb. Novruz atributlarının, el sənətkarlarının əl işlərinin nümayiş olunduğu sərgiyə baxış keçirilib.
Bədii hissədə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin "Abay", Uşaq incəsənət məktəbinin və Şəki Dövlət Regional Kollecinin rəqs kollektivi, Ələfsər Şəkili adına "Zurnaçılar", 3 nömrəli Uşaq musiqi məktəbinin "Nağaraçılar", Turan qəsəbə Uşaq musiqi məktəbinin "Buta" saz ansamblı, 4 nömrəli Uşaq musiqi məktəbinin müəllimləri - Vüqar Rüstəmli, Mustafa Məmmədov, 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdi Hüsniyyə Hacıyeva, "Nuxa" xalq kollektivinin bədii rəhbəri Yusif Yusifli və Şəki şəhərində fəaliyyət göstərən ifaçı Sərxan Hüseyinli tərəfindən hazırlanmış musiqi və rəqs nömrələri təqdim olunub, Novruz adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş etdirilib.
Bayram proqramı Şəki sakinlərinə və şəhərin qonaqlarna xoş əhval bəxş edib.
























