Mili Kitabxanada “Azərbaycan xalq bayramı – Novruz” başlıqlı geniş ənənəvi kitab sərgisi, “Novruz – xalqımızın əziz bayramı” adlı virtual sərgi və “Novruz bayramı” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.
Kitabxanadan bildirilib ki, ənənəvi sərgidə Novruz bayramı ilə bağlı adət-ənənələr, inanclar, ayin-mərasimlər, oyun-tamaşalar, xalqımızın minilliklər boyu təcrübə əsasında formalaşmış iqtisadi həyatı, el sənətinin inkişaf yolları, şifahi xalq ədəbiyyatı və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, fotolar nümayiş olunur.
Virtual sərgidə (https://anl.az/el/vsb/Novruz/index.htm) ölkə başçısının Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki, Qarabağ ellərində Novruz şənlikləri, bayram haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar yer alıb.
Elektron məlumat bazasında (https://anl.az/el/emb/Novruz/index.html) isə “Novruz bayramı”, “Novruz beynəlxalq bayramı”, “Novruz adətləri”, “Çərşənbələr”, “Oyunlar”, “Novruz deyimləri”, “Novruz falları”, “Novruz haqqında nəşrlər”, “Videoqalereya”, “Fotoqalereya” bölmələrində tammətnli resurslar onlayn istifadəçilərə təqdim edilir.






















