Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə gerçəkləşən ölkə miqyaslı qastrol proqramı martın 19-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində davam edib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası Gəncə sənətsevərləri qarşısında çıxış edib.
Tamaşaçılar arasında mədəniyyət nazirinin müavini Murad Hüseynov, Gəncə şəhərinin icra başçısı Niyazi Bayramov, digər rəsmillər, Gəncə Dövlət Filarmoniyasının direktoru Aygün Səmədzadə, şəhərin mədəniyyət və incəsənət xadimləri də olub.
Konsertdə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun “Çanaqqala–1915” oratoriyası təqdim olunub.
Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə ifa olunan əsər dinləyicilərə unudulmaz təəssürat yaşadıb. Xor kollektivi isə Xalq artisti, baş xormeyster Gülbacı İmanovanın rəhbərliyi altında ahəngdar və təsirli çıxışı ilə seçilib.
Konsertdə tanınmış vokalçılar Samir Cəfərov, Mahir Tağızadə, Selcan Fermor-Hesketh, Günel Əsədova, həmçinin şair Rüstəm Behrudi iştirak ediblər.
Qəhrəmanlıq, vətən sevgisi və milli birlik ideyalarını musiqi dili ilə parlaq şəkildə əks etdirən, dərin emosional təsir gücünə malik oratoriya tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Xatırladaq ki, layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, bütün ölkəni əhatə edən ilk sistemli qastrol təşəbbüsdür. May ayınadək davam edəcək proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.

























