Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) oxucularla görüş keçirilib.
Tədbirdə əvvəlcə yubilyarın həyat və yaradıcılıq yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Əməkdar elm xadimi professor Qəzənfər Paşayev, Xalq şairi Sabir Rüstəmxanlı, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, ədəbi tənqidçi Nərgiz Cabbarlı, MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini Oruc Quliyev yazıçının zəngin yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr və əsərlərində əks olunan humanizm, realizm və dərin fəlsəfi-psixoloji təhlillər barədə fikirlərini bölüşüblər.
Qeyd olunub ki, Seyran Səxavətin əsərləri müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Yazıçının yaradıcılığında insan taleyi, mənəvi dəyərlər, cəmiyyət və zamanın çağırışları bədii şəkildə olmaqla yanaşı, axıcı dillə əksini tapır. Onun əsərləri uzun illərdən bəri həm oxucuların, həm də ədəbi-elmi ictimaiyyətin diqqət mərkəzindədir.
Tədbirdə çıxış edən yubilyar yaradıcılıq fəaliyyəti, qələmə aldığı əsərlərin ideya məzmunu və ədəbiyyatın cəmiyyətdəki rolu barədə fikirlərini bölüşüb. Yazıçı oxucularla səmimi söhbət aparıb, onların suallarını cavablandırıb və yaradıcılıq planlarından danışıb.
Görüş çərçivəsində Seyran Səxavətin kitablarından ibarət sərgi də təşkil olunub.
























