Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsinin növbəti tədbiri Xalq rəssamı Davud Kazımovun yaradıcılığına həsr olunub.

Bu barədə muzeydən məlumat verilib.

Bildirilib ki, görkəmli rəssam Davud Kazımovun 100 illiyinə həsr olunan sərgi çərçivəsində təşkil edilən mühazirəni Azərbaycan Rəssamlıq Akademiyasının (ARA) Akademik rəngkarlıq və kompozisiya kafedrasının dosenti, rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəxtiyar Yusufov təqdim edib.

Tədbirdə ARA-nın Akademik rəngkarlıq və kompozisiya kafedrasının müdiri, dosent Ramil Məmmədov və kafedranın baş müəllimi Anar Əliyev çıxış ediblər.

Görkəmli sənətkarın zəngin yaradıcılıq irsi, bədii üslub xüsusiyyətləri, yaradıcılıq mərhələləri və Milli İncəsənət Muzeyindəki sərgidə nümayiş etdirilən əsərlər haqqında ətraflı məlumat verilib.

Xalq rəssamının oğlu, professor Akif Kazımov sənətkarla bağlı xatirələrini mühazirə iştirakçıları ilə bölüşüb.