Mirzə Fətəli Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Narınqala Folklor evinin və Kiş Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin dəstəyi ilə “Yelin qanadında bahar” adlı konsert proqramı keçirilib.

Bu barədə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat veriliib.

Kiş Tarix-Memarlıq Qoruğunda təşkil olunan tədbirdə Novruz bayramının, bahar fəslinin müjdəçisi olan ilaxır çərşənbələrdən, Yel çərşənbəsindən bəhs edilib. Qeyd olunub ki, yel əsəndə torpaq nəfəs alır, su canlanır.

Tədbirin bədii hissəsində Şəki Fizika-riyaziyyat təmayüllü liseyinin şəhid Elçin Nadirov adına rəqs ansamblının ifasında “Səməni” rəqsi təqdim olunub. Müğənni Yusif Yusiflinin ifasında “Bayram axşamlarında” mahnısı səsləndirilib.

Tədbir çərçivəsində Novruz oyunları, yumurta döyüşü və kəndir dartma yarışı təşkil olunub. Milli ənənələri əks etdirən oyunlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsert proqramı birliyin və həmrəyliyin rəmzi olan yallı rəqsi ilə yekunlaşıb.

Sonda iştirakçılar bayram tonqalının ətrafına toplaşaraq Novruz ənənələrini yaşadıblar.

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması, Novruz bayramının qədim adət-ənənələrinin, xüsusilə Yel çərşənbəsi ilə bağlı ritualların gələcək nəsillərə çatdırılmasıdır.