Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Ankarada Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri, professor Mehmet Öcal Oğuzla görüşüb.

İnstitutdan bildirilib ki, görüşdə Hikmət Quliyev Folklor İnstitutunda aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, folklorun dinamik mədəni sistem kimi dərk olunması və araşdırılması istiqamətində görülən işlər, rəqəmsal transformasiyalar və internet folkloru sahəsində həyata keçirilən araşdırmalar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, müasir mərhələdə folklorun yalnız mətn kimi deyil, kollektiv mədəni yaddaş, milli kimlik və sosial kommunikativ sistemi kimi öyrənilməsi prioritet istiqamət olaraq müəyyənləşdirilib.

UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş çoxmillətli irs nümunələrinin qorunması, sənədləşdirilməsi və nəsildən-nəslə ötürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə mümkün elmi və institusional əməkdaşlıq perspektivləri müzakirə edilib. Xüsusilə türk xalqlarının ortaq qeyri-maddi mədəni irs elementlərinin birgə tədqiqi və beynəlxalq platformalarda təqdimatı istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Hikmət Quliyev professor M.Öcal Oğuza türk folklorunun metodoloji əsaslarla araşdırılması, qorunması və beynəlxalq elmi-mədəni mühitdə tanıdılmasına verdiyi töhfələrə görə plaket təqdim edib. Folklor İnstitutu tərəfindən nəşr olunan “Qərbi Azərbaycan folkloru” seriyasından 5 cild, Hikmət Quliyevin müəllifi olduğu monoqrafiyalar da türkiyəli professora təqdim edilib.

Hikmət Quliyevə UNESCO üzrə Türkiyə Milli Komissiyasının nəşr etdiyi kitablar toplusu hədiyyə olunub.

Görüşdə Ankara Hacı Bayram Vəli Universitetinin professoru Konuralp Ercilasun, Folklor İnstitutunun əməkdaşı, dosent Aynur İbrahimova və UNESCO üzrə Türkiyə Milli Komissiyasının baş katib müavini vəzifəsini icra edən Özge Züleyha Ömeroğlu da iştirak ediblər.