Şəki şəhərində Akademik Milli Dram Teatrı ilə Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə Akademik Milli Dram Teatrından məlumat verilib.
Memorandumu Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Əməkdar incəsənət xadimi Mirbala Səlimli imzalayıblar.
Memorandumda səmərəli və konstruktiv əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, rejissor, aktyor, səhnə tərtibatçısı və teatr sahəsində çalışan digər peşə nümayəndələrinin mübadiləsi, forum və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.
Hər iki teatrın rəhbəri imzalanan əməkdaşlıq haqqında memorandumu teatr sənətinin gələcək inkişafı və yeni əlaqələr üçün vacib addım kimi dəyərləndirib.
Qeyd olunub ki, Şəki Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrın beynəlxalq əlaqələr qurduğu milli teatrların layihələrində yaxından iştirak edəcək, teatr festivalları və qarşılıqlı qastrol səfərlərində təmsil olunacaq.























