Fevralın 27-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) III Şura toplantısı keçirilib.

Tədbirdə TMİF-ə üzv dövlətlərin mədəniyyət nazirləri, nazir müavinləri, Türkdilli ölkələrin beynəlxalq təşkilatlarının rəhbərləri, diplomatik korpus və media nümayəndələri iştirak ediblər. Şurada ölkəmizi mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Toplantıdan əvvəl TMİF tərəfindən nəşr olunmuş kitablardan, tamamlanmış bərpa işlərinin fotolarından ibarət sərgilərə baxış olub.

TMİF-in Şurasının toplantısına Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliev moderatorluq edib.

Fondun prezidenti Aktotı Raimkulova təşkilatın ötənilki fəaliyyətindən danışıb, ümumilikdə 135-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Fondun rəhbəri qarşıda duran strateji hədəflərin əhəmiyyətini diqqətə çatdırıb.

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev çıxışında TMİF-in həyata keçirdiyi təşəbbüslərin türk xalqları arasında mədəni əməkdaşlığın genişlənməsinə və ortaq irsin qorunmasına mühüm töhfə verdiyini qeyd edib.

Toplantıda çıxış edən Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkəmizin TMİF ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirərək, ortaq layihələrin türk xalqlarının mədəni inteqrasiyasına, zəngin irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini vurğulayıb.

Xatırladaq ki, Türk Mədəniyyəti və İrsi Fondu 2012-ci il avqustun 23-də Türk Dövlətləri Təşkilatının Bişkek şəhərində keçirilmiş Zirvə toplantısında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. TMİF-in katibliyi Bakı şəhərində yerləşir. 

Türk Mədəniyyəti və İrsi Fondunun I Şura toplantısı 2024-cü il aprelin 30-da Bakıda, II Şura toplantısı 2025-ci il fevralın 7-də Qazaxıstanın paytaxtı Astanada keçirilib.