Fevralın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Torpağı sanı yaşayasan” adlı qısametrajlı bədii film nümayiş edilib.

Tədbirdə Tikinti Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və 166 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Mərkəzin əməkdaşı Nuranə Davrinbəyova çıxış edərək 26 fevral – Xocalı soyqırımı haqqında söz açıb, faciənin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını və bu hadisələrin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Sonra tədbir iştirakçıları “Torpağı sanı yaşayasan” filminə baxıblar.

Film 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini, xalqımızın mübarizə və qəhrəmanlıq ruhunu əks etdirir. Ekran əsərinin rejissoru Samir Kərimoğlu, prodüseri Zaur Mirzəzadədir.

***

“Torpağı sanı yaşayasan” qısametrajlı bədii filmİ fevralın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində də göstərilib.

Film nümayişində Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin müəllim və tələbələri, 38, 52 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.

Öncə İnşaat Kolleci tələbələrinin Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisinə baxış olub.

Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxış edənlər Xocalı soyqırımı haqqında danışıb və bu faciənin insanlığa qarşı törədilən ən ağır cinayət olduğunu bildiriblər.

Sonra Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə çəkilmiş “Torpağı sanı yaşayasan” qısametrajlı bədii filmi nümayiş olunub.

***

Fevralın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində (Sabunçu rayonu Maştağa qəsəbəsi) Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Doğma torpaq” adlı tammetrajlı bədii film nümayiş olunub.

Məlumat verilib ki, “Doğma torpaq” filmi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Narimanfilm” kino şirkəti tərəfindən çəkilib.

Ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat olan filmdə Azərbaycanın yaxın tarixinin üç önəmli mərhələsi işıqlandırılır. Bunlar indiki Ermənistan ərazisində – tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz doğma yurdlarından qovulması, Birinci Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsidir.