Tarixdəki olaylar

 

17 fevral 1863 – Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilib. Dünyanın “qaynar” nöqtələrində humanitar fəaliyyət göstərən təşkilatın təşəbbüskarı və ilk rəhbəri isveçrəli iş adamı, ictimai xadim Anri Dünan (Jean Henri Dunant) olub.

 

17 fevral 1979 – Çin qoşunları Vyetnam ərazisinə daxil olaraq ölkənin bir hissəsini işğal edib. Beynəlxalq ictimaiyyətin kəskin etirazını doğuran işğal martın 5-dək davam etdi.

 

17 fevral 1992 – Erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocavənd (keçmiş Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə ermənilərin hücumlarına məruz qalmışdı. İşğal zamanı kənddə olan 116 nəfər əsir götürülmüş, onların 68 nəfəri daha sonra öldürülmüşdü. Qaradağlı kəndi 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatından sonra Azərbaycanın tam suverenliyi altına qayıtdı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

17 fevral 1600 – İtalyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno; 1548-1600) inkvizisiyanın (Katolik kilsəsinin məhkəməsi) qərarı ilə edam edilib.

 

17 fevral 1895 – Qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 1895 – 1.10.1965) Bakının Masazır kəndində doğulub. Nizami, Xaqani, Füzuli, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

 

17 fevral 1906 – Rus-sovet yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin, film ssenarilərinin müəllifi Aqniya Lvovna Barto (1906–1981) anadan olub.

 

17 fevral 1919 – Ədəbiyyatşünas, mətnşünas, klassik poeziyanın bilicisi Əli Fəhmi (1919 – 13.3.1975) Bakının Sabunçu qəsəbəsində anadan olub.

 

17 fevral 1920 – Dilçi-filoloq, professor, Əməkdar elm xadimi Əlövsət Zakir oğlu Abdullayev (1920–1993) anadan olub.

 

17 fevral 1926 – Xalq artisti Sofya Həsən qızı Hüseynova (1926 – 30.7.2015) Naxçıvanda doğulub. Naxçıvan teatrının ilk azərbaycanlı aktrisası Xədicə Qazıyevanın qızıdır, uzun illər bu sənət ocağında çalışıb.

 

17 fevral 1945 – Əməkdar artist Vəli Allahverdi oğlu Babayev (1945–1989) Naxçıvanda anadan olub. Naxçıvan Musiqili Dram Teatrının baş rejissoru işləyib.

 

17 fevral 1958 – Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (1893–1958) vəfat edib. Krım türküdür. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. “Kəndlilər”, “Səbuhi”, “Bəxtiyar” və s. filmlərdə çəkilib.

 

 Hazırladı: Vüqar Orxan